Xalq rəssamı, Rəssamlar İttifaqını katibi Ağaəli İbrahimovun 80 yaşı tamam olur. Yubilyar dostumun əsl ziyalıya, kübar insana xas həyat tərzi, istedadlı fırça ustası kimi zəngin yaradıcılığı gözlərim önündədir.
Azərbaycan rəngkarlıq məktəbinin ünlü nümayəndələrindən sayılan Ağaəli İbrahimovun yaratdığı əsərlərdə müəllifin özünəməxsus dəsti-xətti aydın hiss olunur. O, fırçası vasitəsi ilə yerlə göy arasında bizim görə bilmədiyimiz mühiti təsvir edir. Tablolarında keçmişlə gələcəyin vəhdətini qurmağa çalışır və buna gözəl də nail olur.
Görkəmli fırça ustasının fərdi yaradıcılıq üslubu, yolu tələbkar sənətşünasların, mətbuatın daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Ağaəli müəllim haqqında həm ölkəmizdə, həm də bizim sərhədlərdən uzaqlarda çox yazılıb, təhlillər aparılıb, tədqiq edilib, dünya şöhrətli sənətkarlar fikirlərini bildiriblər. Əziz dostumun sənətdə qazandığı uğurları, əldə etdiyi zirvələri görəndə sevinirəm. Çünki bir məsələdə əminəm-Ağaəli sənətdəki uca məqama öz istedadı, zəhmətsevərliyi və dərin savadı hesabına nail olub. Yaradıcı dostumun xarakterində istedad və zəhmət qoşa qanad kimidir. Gənclik illərində də belə idi, müdriklik çağında da belədir.
İllər uzunu dostluq etdiyim, ailəsinə yaxından bələd olduğum bu kübar insan haqqında saatlarla danışıb, uzun -uzadı yaza bilərəm. Amma 80 illik yubileyi günündə Ağaəli ilə bağlı bir neçə məqamı xüsusi vurğulamaq istərdim. İli dəqiq xatırlamıram, Ağaəli uzaq Argentina səfərindən Bakıya gözəl təəssüratla qayıtmışdı. Uzun yol boyu səmada gördüyü mənzərəni heyranlıqla təsvir edirdi. Qısa bir müddətdən sonra həmin təəssürat fırça vasitəsi ilə onun əsərinə “köçdü”. Kətanda həmin mənzərə sanki canlı idi.
Ağaəli İbrahimovun paytaxtımızda və dünyanın bir çox şəhərlərində fərdi sərgiləri təşkil olunub, yaratdığı sənət nümunələri sərgilənib. Bakıdakı Muzeylər Mərkəzindəki belə sərgilərdən biri yaxşı yadımdadır. Görkəmli sənətkarlar, tanınmış insanlar ekspozisiyadakı müxtəlif mövzulu tablolara heyranlıqla baxır, müəlliflə fikir mübadiləsi aparırdılar. Dünya şöhrətli fırça ustası Tahir Salahov istedadlı həmkarını ürək dolusu təbrik etdi, sərgiyə gələn ziyarətçilər üçün qoyulmuş xüsusi kitaba ürək sözlərini yazdı. Bu, görkəmli rəssamın Ağaəli İbrahimovun şəxsiyyətinə, parlaq yaradıcılığına önəmin göstərici idi.
Məhz Tahir Salahovun dəvəti və yaxından təşkilatçılığı ilə Ağaəlinin Rusiya paytaxtında sərgisi açıldı. İstedadlı azərbaycanlı fırça ustasının Moskvada fərdi sərgisi böyük rezonans doğurdu, mətbuatda geniş işıqlandırıldı. Rusiya Rəssamlıq Akademiyasının rəhbəri, dünyaca məşhur Zurab Sereteli Akademiyanın fəxri üzvilik diplomunu ona təqdim etdi.
Ağaəli ilə müqəddəs məkanlara birgə səfərimiz yaxşı yadımdadır. Səudiyyə Ərəbistanı Krallığının dəvəti ilə Ümrə ziyarətinə getmişdik. Mədinə və Məkkədə unudulmaz anlar yaşadıq. Tale elə gətirdi ki, Ağaəli məhz ad günündə Kəbəni ziyarət etdi. Daim üzündən nur yağan əziz dostumun çöhrəsindəki işıq bir qədər də artmışdı. Hər zaman ünsiyyət qurmaq bacarığı ilə seçilən Ağaəli sevinir və bu hisslərini səfər yoldaşları ilə bölüşməkdən yorulmurdu. Müsəlmanların müqəddəs məkanlarına ziyarət çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının Din İşləri Nazirliyində qəbul olunduq. Ağali İbrahimov əsərlərindən birini nazirə hədiyyə etdi.
Qeyd etdiyim kimi, Ağaəli İbrahimovun çöhrəsində hər zaman nur var, üzündən gülüş əskik olmur. 80 yaşını qeyd etdiyi gündə əziz dostuma arzu və diləklərimiz çatdırmaq istərkən üzündəki nur və gülüş gözlərim önündə canlanır. Və deyirəm ki, bu nur heç vaxt üzündən əskik olmasın, yaradıcılıq enerjin tükənməsin, əziz dost.
Çingiz Abdullayev,
Kulturologiya elmləri doktoru, professor

