Üzeyir Hacıbəyli adına Musiqi Akademiyası, “Musiqi dünyası” Beynəlxalq Elektron Elmi Nəşrlər Mərkəzinin və “Azərbaycan Nəşriyyatı” MMC-nin Xalq artisti, professor Fərhad Bədəlbəylinin rəhbərliyi ilə həyata keçirdiyi “Tar – Azərbaycan musiqi alətlərinin tacı” birgə layihəsi Prezident İlham Əliyevin 2026-ci il yanvarın 14-də təsdiq etdiyi “Azərbaycan mədəniyyəti – 2040” konsepsiyasında əksini tapan qloballaşma şəraitində milli kimliyin və milli-mənəvi dəyərlərin qorunması ilə bağlı müddəaların ruhuna tam uyğundur.
Həmin layihə çərçivəsində hazırlanan dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan “Tar – Azərbaycan musiqi alətlərinin tacı” (2025, “Azərbaycan nəşriyyatı” MMC, Azərbaycan və ingilis dillərində) adlı rəqəmsal məlumatlarla təchiz olunan kitabın nəşri milli musiqi mədəniyyəti və elmi təfəkkür tariximizdə əlamətdar hadisədir. Kitabın ideya müəllifi və tərtibçisi, elmi redaktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovun peşəkar işçi qrupu ilə birgə başlıca amalı qərinələrdən bu günə kimi milli irs xəzinəmizin “mədəni etnobrendi” səviyyəsinə qədər ucalan tar aləti barədə müfəssəl elmi-nəzəri audio-vizual ensiklopedik mənbəni ərsəyə gətirmək idi. Xatırladaq ki, nəşrin musiqi redaktoru bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, məsul redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov, tərcüməçi Əməkdar mədəniyyət işçisi Tomris Babanlı, kutabın bədii tərtibatçısı Fəxriyyə Məmmədova, dizayner Alina Cahangirovadır.
Tar alətinin Azərbaycanın mədəni-tarixi təkamülü tarixində müstəsna yeri vardır. Kulturoloji diskursda tar aləti mədəniyyətimizin “etnobrend”i olaraq Azərbaycan xalqının etnik identikliyinin müsiqi atributudur. Müasirləri olduğumuz XXI əsrdə tar aləti nəinki lokal və ya regional, artıq qlobal səviyyədə Azərbaycana aid olan və mədəniyyətimizi tanıdan unikal etnomədəni hadisədir. UNESCO-nun tar alətini 5 dekabr 2012-ci ildə “Azərbaycan tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı” Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil etməsi onun dünya mədəniyyəti kontekstində nadir sənət növünün olduğunu təsdiqləyir.
Tar milli və bəşəri mənəvi-mədəni dəyərlər xəzinəsinin ləl-cəvahiratıdır. Tar alətinin unikallığı ondan ibarətdir ki, o həm Şərq, həm də Avropa klassik musiqisini əks etdirən səslərin bütün zənginliyini parlaq şəkildə ifadə edir. Xüsusilə, Azərbaycan muğamının musiqi və fəlsəfi məzmununun dərin fəlsəfi qatlarının təcəssümünün tarsız təsəvvür etmək qeyri-mümkündür.
Təsadüfi deyildir ki, kitabın “Ön söz”ü tar alətinə ideoloji aspektdən yanaşmanı ehtiva edən akademik Rəfael Hüseynovun “Dinləyəni azərbaycançılığa kökləyən tarın portreti” adlı geniş elmi məqaləsi ilə başlayır. Akademik tarixi kulturoloji ekskurs nəticəsində tar alətinin portretini xalqımızın tale boyaları ilə təsvir edir.
Kitabın növbəti hissələrində tarın musiqi aləti kimi ifaçılıq xüsusiyyətlərinə, tarın yaranma və təkamül tarixinə müfəssəl ekskurs edilir. Azərbaycan folkloru nümunələrində ən qədim və paleomusiqi incəsənətinin izlərinin axtarışı kitabın müəllifinə həmin dövrdə Azərbaycan ərazisində ümumi prototürk dili və mədəniyyətinin etnogenetik proseslərdə etnik-mədəni dominantlıq təşkil etməsinin musiqi mədəniyyətinin təşəkkülünə və erkən etnomusiqi təfəkkürünün formalaşması proseslərinə mühüm təsir göstərməsi qənaətinə gətirib çıxarır.
Azərbaycan xalqının “səs idealı”nı özündə daşıyan tarın quruluşu, onun düzəldilməsi sənəti və ənənələri, xüsusilə Mirzə Sadıq Əsəd oğlunun (Sadıqcan) tar islahatları kitabının ayrıca fəsillərində ətraflı şərh olunur. Burada diqqəti çəkən məqamlardan biri oldur ki, XIX əsrin 2-ci yarısında və XX əsrin əvvəllərində yaşayıb-yaradan Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) professional musiqiçi kimi yalnız Qarabağda deyil, bütün Qafqazda, Yaxın və Orta Şərqdə məşhur olmuşdur. Sadıqcan tarın simlərini 11-ə çatdırıb kök sistemini təkmilləşdirməklə alətin akustik və ifaçılıq imkanlarını artırmışdır.
T.Məmmədovun qənaətinə görə, Mirzə Sadıqın tar reformasının daha bir mühüm nəticəsi kimi onun tərəfindən XIX əsrin ifaçılarının (xüsusilə İran ifaçıları) Azərbaycan tarına əlavə olunan “qeyri-ənənəvi” pərdələrinin çıxarılması Azərbaycan tarının 17 pilləli səs sitemini bərpa edilməsini və bu sistemin nəzəri-praktiki əsasını muğam ifaçılığına qaytarmasını görsədir.
“Tar və muğam” adlı fəsildə tar alətinin şifahi ənənəli professional musiqi janrları ilə, ilk növbədə, Azərbaycan muğam sənəti ilə sıx bağlı olduğu şərh olunur. Kitabın həmin hissəsində tar ifaçılığı və muğam ayrılmaz olan vahid mədəniyyət kimi təqdim olunur. Tar alətinin muğam janrı ilə bağlılığı tar ifaçılığı ənənələrinin və üslublarının Qarabağ, Bakı-Abşeron və Şirvan-Şamaxı muğam məktəbləri üzrə öyrənilməsinə rəvac verir.
Kitabda Azərbaycan bəstəkar və musiqişünaslarının tar aləti və tar ifaçılığının öyrənilməsinə həsr olunan elmi və publisistik əsərləri barədə ətraflı məlumat verilir. Burada qeyd olunur ki, Azərbaycanın görkəmli bəstəkarlarından Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli və digərlərinin tarın tarixi, tar ifaçılığı, tədrisi, ustad tarzənlər, tar və muğam janrı haqqında qənaətləri maraqlı fikir xəzinəsidir.
“Tar və bəstəkarlıq yaradıcılığı” mövzusu kitabda ayrıca yer alır. Burada tar alətinin professional bəstəkarlıq yaradıcılığına ilk dəfə Azərbaycan klassik professional və milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyli tərəfindən gətirilməsi barədə ətraflı şərh verilir.
Müasir musiqi təhsilində tarın rolu danılmazdır. XX əsrin əvvəlində Azərbaycan tarı müasir Avropa tipli musiqi təhsilinə daxil edilmişdir. Kitabın “Azərbaycanın görkəmli tar ifaçıları (XIX-XX əsrlər)” adlı bölməsi ensiklopedik məlumat mənbəyidir. Burada Azərbaycan tar ifaçılığı sənətinin görkəmli ustadları barədə ətraflı bioqrafik məlumatlarla yanaşı, onların yaradıcılığı, xüsusilə hansı ifaçılıq məktəbinin varisi olduqları, ifa etdikləri muğamlar, iştirak etdikləri konsertlər haqqında maraqlı faktlar nəzərə çatdırılır.
Kitabın sonunda oxuculara arxiv yazıları toplusunu dinləmək üçün QR vasitəsilə “Tar – Azərbaycan musiqi alətlərinin tacı” elektron bazaya daxil olmaq imkanı yaradılır. Arxiv yazıları toplusunda 25-dən artıq tar ustadının 200-ə yaxın, ümumilikdə, 27 saat həcmində ifalarını onlayn dinləmək mümkündür. Rəqəmsal arxivdə tar üçün yazılmış və tar üçün işlənmiş əsərlərin kolleksiyası xüsusi yer alıb. Kitabda 1950-ci ildən bu günə kimi görkəmli tar ifaçılarının səs yazıları kolleksiyasının kataloqunda solist, ifa etdiyi əsər, tarix, xronometrajı, əsərin bəstəkarı, dirijoru və müşayiətçi haqqında məlumat verilir.
Milli müsiqimizin banisi Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətinin strateji inkişaf yolunu təyin edərək Şərq musiqisinin təhsil sistemində mütləq yer almasını vurğulayırdı: “Avropa musiqisindən əlavə bir də Şərq musiqisi vardır və biz azərbaycanlılar Şərq əhlindən olduğumuza görə musiqi təhsili işində Şərq musiqisinə qarşı laqeyd qalarsaq, öz mədəni vəzifəmizi kamalınca ifa etməmiş olarıq. Tar isə Şərq musiqi təhsilini genişləndirə bilən alətlərdən ən qiymətlisi, ən mühümüdür”.
Dahi Üzeyir Hacıbəyli bu kəlmələrində milli musiqi mədəniyyətimizin inkişaf yolunun strateji vektorlarını cızır: milli identikliyi qoruyaraq Qərb musiqi mədəniyyətinə açıq olmaq. O, tarı sadəcə, musiqi aləti kimi dəyərləndirmir, həm də Şərq musiqi nəzəriyyəsi və təhsilinin inkişaf etdirilməsində ən mükəmməl vasitə hesab edirdi. Belə ki, ötən əsrin başlanğıcından tar Azərbaycanda üçpilləli musiqi təhsili sisteminin bütün pillələrində tədris olunur.
Layihənin işçi qrupunun peşəkarlığından söz açarkən kitabın ingilis dilinə tərcüməçisi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı Əməkdar mədəniyyət işçisi Tomris Babanlının əməyi qeyd olunmalıdır. “Tar – Azərbaycan musiqi alətlərinin tacı” kitabı milli musiqi mədəniyyətimizin vurğunları üçün dəyərli mənbədir.
Yeganə ƏLİYEVA,
AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, dosent


