Nazim Hikmət təkcə türk poeziyasına deyil, həm də bütün Şərq xalqlarının poetik ənənələrinə misli görünməmiş təsir göstərib. Şeirdə yeni yollar kəşf edən novator söz ustası haqlı olaraq əsrin klassiki hesab olunur. Nazim Hikmət təkcə fəal ictimai xadim deyil, həm də istedadlı şair və dramaturq idi.
AZƏRTAC xəbər verir ki, bu gün türk inqilabi poeziyasının banisi, şair, dramaturq və Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin doğum günüdür.
Nazim Hikmətin ilk şeiri olan “Sərvliklərdə” 1918-ci ildə “Yeni məcmuə” jurnalında dərc olunub. Onun 1926-cı ildə yazdığı “Neft dünyasına səyahət” adlı şeiri Bakı neftçilərinə həsr olunub. 1928-ci ildə şairin ikinci vətəni hesab etdiyi Azərbaycanda ilk kitabı olan “Günəşi içənlərin türküsü” nəşr olunub. Nazim Hikmətə həsr olunmuş ilk məqaləni o dövrün görkəmli tənqidçisi Əli Nazim Bakıda yazıb.
Akademik İsa Həbibbəyli qeyd edirdi: “Nazim Hikmətin bir çox şeiri dünya ədəbiyyatında unikaldır. Nazim Hikmət təkcə türk poeziyasına deyil, həm də bütün Şərq xalqlarının poetik ənənələrinə təsir göstərib, novator bir sənətkar kimi şeirdə yeni yollar açıb. Onun romantik ruh və dərin məna ilə dolu əsərləri müasir türk ədəbiyyatının inkişafına güclü təkan verib. Ölkəmizdə Nazim Hikmətin yaradıcılığı ilə bağlı ciddi tədqiqatlar aparılıb, çoxsaylı kitab, monoqrafiya, əsər və dissertasiya yazılıb”.
Nazim Hikmət həm də istedadlı nasir idi. Onun “Romantika” romanı bu janrın ən güclü əsərlərindən biri hesab olunur. Kitabda Nazim Hikmətin inqilabi fəaliyyəti, Moskvadakı təhsili, həyatın gözəl olduğunu bilən və onu daha da yaxşılaşdırmaq üçün çalışan insanların mübarizəsi əks olunur. “Həyat gözəldir, qardaşım” filmi bu roman əsasında çəkilib.
Dramatik əsərlər də bu görkəmli müəllifin yaradıcılıq irsində mühüm yer tutur. Onun pyesləri dəfələrlə Azərbaycan teatrlarında səhnələşdirilib.
Bəstəkar Arif Məlikovun Nazim Hikmətin librettosuna yaratdığı “Məhəbbət əfsanəsi” baleti dünyanın bir çox ölkəsində tamaşaya qoyulub. Heykəltəraş Münəvvər Rzayeva şairin büstünü yaradıb, Toğrul Nərimanbəyov və digər rəssamlar onun portretlərini çəkiblər.
Nazim Hikmət 1963-cü ildə Moskvada vəfat edib.


