Krımda Azərbaycan radio yayımı

post-img

...Bir neçə il əvvəl Azərbaycan Mətbuat Şurasının “Tanıyaq, tanıdaq” layihəsi çərçivəsində Ukraynanın Sevastopol Dövlət Radiosunda Azərbaycanla bağlı yayımlanan “Qobustan” proqramının rəhbəri Həbib Əliyevlə görüş keçirilirdi. Şuranın o vaxtkı sədri Əflatun Amaşov soydaşımızı ən gözəl ifadələrlə təqdim edərək, onun Azərbaycan həqiqətlərini Ukrayna cəmiyyətinə çatdırmaqla bağlı uğurlu yaradıcı səylərini yüksək dəyərləndirdi. “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu və başqaları Həbib Əliyevin uzun müddətdən bəri qərib ölkədə Azərbaycanı tanıtdırmaq kimi mühüm missiyanı şərəflə yerinə yetirdiyini vurğulayaraq görüşdən hədsiz məmnunluqlarını bildirdilər. Şuranın diplomuna layiq görüldüyü həmin görüşdə Həbib müəllimin çıxışından da bəlli oldu ki, zəhmətkeş qələm sahibi Vətən naminə təmənnasız fəaliyyəti ilə nümunədir.

O, ixtisasca müəllim olsa da, ötən əsrin sonunda xaricdə çalışmaq üçün Ukraynaya yola düşüb və tale qisməti onu jurnalistikaya gətirib. Düz 28 il Sevastopolda ölkəmizi təbliğ edən verilişin rəhbəri və aparıcısı olub. Orada radio dalğalarında Azərbaycanın canlı səsi olan Həbib Əliyev çətinliklər də görüb, erməni təxribatına da tuş gəlib, amma ruhdan düşməyib, öz qətiyyəti və ukraynalıların isti münasibəti sayəsində tanınıb. Üstəlik, “Krım gündəliyi “Qobustan”, “Bura Vətəndir”, “Qobustan” Krım efirində”, “Qobustan 2 radiosu mətbuat aynasında” və bu radionun 25 yaşına həsr olunmuş kitablarını da oxuculara ərməğan edib. Bu kitablarda öz təşəbbüsü ilə Krıma gedib, Azərbaycanın milli-mənəvi dəyərlərini yorulmadan təbliğ edən soydaşımız fədakar fəaliyyətinin əsas məqamlarına işıq tutub. Hələ Vətəni tərk edib qürbətə gedərkən söz verdiyi kimi, Ulu öndər Heydər Əliyevin siyasətini jurnalist yazıları və çıxışları ilə orada 83 milləti təmsil edən əcnəbi kütlələrə çatdırmaqdan zövq alıb.

Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi ərəfəsində Həbib Əliyevin daha bir kitabı – “Krım radiosunda Azərbaycan ziyalıları” toplusu işıq üzü görüb.

Yeni kitabdan sətirlər: “Sevastopolda fəaliyyət göstərən “Vətən” cəmiyyətindən məktub almışdım ki, həmin yerdə məktəb açmaq lazımdır. Təcili yola düşdüm və Azərbaycanın həftəlik məktəbini açdım. Bu məktəb 2 il fəaliyyət göstərdi. 1997-ci ildə Sevastopoldakı erməni raduosu Azərbaycan xalqına təhqirli sözlər dedi, tariximizi baş-ayaq etdi. Bu yalanlara dözməyib Sevastopol radiosunun redaktoru Nataliya Pavlovna ilə görüşdüm. Ona Azərbaycanın tarixi həqiqətləri haqqında qəzet materialları verdim. Həm də bildirdim ki, nə üçün ermənilər Nizami kimi böyük bir dahinin yurdunu təhqir edirlər. Redaktor mənimlə razılaşdı və erməniləri bu işdə töhmətləndirdi. Mənim 2-ci xahişim bu oldu ki, Azərbaycana da efir vaxtı lazımdır. Beləliklə, 1997-ci ilin mart ayında “Azərbaycan–Qobustan” proqramının əsası qoyuldu. Sonralar ermənilərin hədələrinə, təzyiqlərinə baxmayaraq, mən geri çəkilmədim və radionu davam etdirdim”.

Verilişlərində qədim mədəniyyət və tariximiz, muğamlarımız və klassik ədəbiyyatımız, bayram və adətlərimiz, Heydər Əliyev və Ukrayna, Nizaminin humanist ideyaları, müasir Azərbaycan şair və yazıçıları, Ukrayna diasporu, İslam dəyərləri, çağdaş musiqi korifeylərimiz, alimlərimiz, qəhrəman şəhidlərimiz haqqında 250-dən artıq radio-oçerk hazırlayıb efirə verən Həbib Əliyev ukraynalı dinləyicilərin əsl dostuna, həbibinə çevrilib.

Kitabdan sətirlər: “Eyni zamanda bir çoxAzərbaycan aliminin əsərləri orada nəşr olunub. Məsələn, akademik Budaq Budaqov, akademik İsa Həbibbəyli, Naxçıvandan Qadir Əliyevin”, “Əcəminin Mömünə xatun abidəsi” kitabının çap etdirmişik. Müasir Azərbaycan şairlərinin poeziyası Sevastopolun almanaxlarında verilib. “Qobustan” proqramı Azərbaycan və Ukrayna arasında bir dostluq körpüsü rolunu oynayır. Radionun verilişləri beynəlxalq müsabiqələrin qalibi olmuş, “Beynəlxalq laureat” diplomuna və “Gümüş qələm” medalına layiq görülmüşdür.

Qürbətdə Azərbaycan naminə “müsəlləh əsgər”lik edən Həbib Əliyev bu yolda nələrdən keçməyib! Fəaliyyətinin bir ili tamam olmamış hətta verilişi bağlanıb. Buna səbəb isə əri erməni olan şəhər merinin müavini Olqa imiş. Həbib müəllim məsələnin obyektiv araşdırılmasına və proqramın bərpasına nail olub. Həmin Olqa isə tutduğu vəzifədən azad edilib.

Eyni zamanda Həbib Əliyevə fəaliyyətində təmənnasız kömək edənlər də çox olub. Onlardan biri “Qobustan”nı rus dilində səsləndirən Leyli Kərimova olub. Leylinin atası Səfi kişi yevlaxlı idi, anası isə rus xanımı olsa da, “Radio xalqımıza çox lazımdır” – deyərək, gənc diktora hər cür qol-qanad veriblər.

Həbib müəllimin yeni kitabında ulu Nizami Gəncəvidən, Həsən bəy Zərdabidən, Mirzə Ələkbər Sabirdən, Səməd Vurğundan, Üzeyir Hacıbəylidən üzü bu yana bir çox dahilərimiz, parlaq ziyalılarımız haqqında maraqlı yazılar yer alıb. Topluda onun özünün haqqında Əməkdar jurnalist Rəhim Hüseynzadənin oçerki də verilib. Prezident İlham Əliyevin sərəncamı ilə Fəxri diplom almış həmkarımızın şəxsi keyfiyyətlərinə hərtərəfli işıq tutulub. Ötən ilin oktyabrında isə redaksiyamızın qonağı olan Həbib müəllimlə söhbət YouTube platformasında yayılıb. O Naxçıvandan, Babək rayonunun Cəhri kəndindəndir, amma Bakıda yaşayır. Bir az səhhətində nasazlıq var. Ümid edirik ki, Vətən havası onun ən gözəl məlhəmi olar.

Onu da deyək ki, mətbuatımızın ağsaqqallarından olan Həbib müəllim ağrılarına baxmayaraq, müstəqil Azərbaycanımızın, Müzəffər Ali Baş Komandanımızın, qalib xalqımızın uğurları ilə öyünür, tarixi zəfərlərimizlə qürur duyur. İnişil erməni əsirliyində olan iki əsgərimizin azad edilməsinə görə Prezident İlham Əliyevə təşəkkür dolu könül duyğularını ünvanlayaraq yazıb: “Siz hər bir azərbaycanlının Prezidenti, çətinliklə üzləşən vətəndaşlarımızın xilaskarısınız. Xalqımıza olan bu həssas münasibətinizə görə Sizə “Çox sağ olun!” deyirik.

Xalq şairi Nəriman Həsənzadənin məsləhətçisi, Firdovsi Heydərlinin redaktoru olduğu “Krım radiosunda Azərbaycan ziyalıları” adlı yeni kitabla bağlı qeydlərimizi bu gün də məhsuldar fəaliyyətindən qalmayan Həbib Əliyevin haqqında akademik Nizami Cəfərovdan gətirdiyimiz sitatla bitirmək istəyirik: “Həyat universitetlərinin daşlı–kəsəkli günlərini yaşadıqca daha da mətinləşən, həyəcanlı günlərin imtahanlarından uğurla çıxan, Azərbaycan və rus dillərində radio verilişlərini təşkil edən Həbib Əliyevə uğurlar və can sağlığı diləyirəm”.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət