Sənət dünyamız sənətkar gözü ilə

post-img

Yaxud mərhum ədibin görkəmli bəstəkar haqqında ürək sözləri 

Bu günlərdə bir qrup musiqiçi ilə birlikdə görkəmli bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanovun qonağı idik. Söhbət mərhum şair-tərcüməçi Siyavuş Məmmədzadədən düşəndə (Siyavuş müəllim ev sahibinin qayını idi) Tofiq müəllim dedi ki, o, nəinki hansısa əsərə, kitaba, hətta istənilən yazıya, qeydə, xatirəyə böyük ehtiramla yanaşırdı. 

Məsələn, təxminən on-on beş il bundan qabaq Siyavuş Yazıçılar Birliyində mənim haqqımda olan kiçik bir məqalənin əl yazısını görmüş və xahiş edib həmin yazını götürmüşdü. Üstəlik, Yazıçılar Birliyinin kadrlar şöbəsinin müdiri Arifə Əliyevadan xahiş etmişdir ki, bu yazının müəllifinin imzasını təsdiq edin. O da vərəqlərin sonuna “Qılman İlkinin imzasını təsdiq edirəm” yazmış və möhürlə təsdiqləmişdir. 

Tofiq müəllim əlavə etdi ki, Qılman İlkin Azərbaycan Dövlət Nəşriyyatının rəhbəri işləyəndə mən həmin nəşriyyatın musiqi şöbəsinin müdiri idim. Yəni birlikdə çalışdığımız dövrdən mənim yaradıcılığıma və dostluğumuza böyük hörmətlə yanaşırdı. Bu vərəqlərdəki ürək sözləri də mərhum dostumun səmimiyyətindən xəbər verir. 

Ustad bəstəkarın xahişini nəzərə alaraq böyük ədibin həmin yazısını “Xalq qəzeti”nin oxucularına təqdim edirik. 

İttifaq MİRZƏBƏYLİ, 
Əməkdar jurnalist

Musiqi mücahidi

Sənətkar var ki, özünü sənətinə qurban verməyə həmişə hazırdır. Bu adam, demək olar ki, öz sənəti ilə nəfəs alır, onunla yaşayır. Belə bir sənətkarı xatırlayanda həmişə Tofiq Bakıxanov yada düşür. Bir sözlə, Tofiq Bakıxanov, demək olar ki, öz sənətinin mücahididir. O, həmişə hərəkətdədir, bikar ( müəllif bekar yox, bikar yazıb) oturduğu an da olmur. O, küçədə gəzərkən elə bil harasa tələsir. 

Tofiq yalnız bəstəkar deyil, öz sənətinin təşkilatçısı, yaradıcısıdır. Mən onun bu gözəl məziyyətinə 1950-ci illərdə onunla birlikdə “Azərnəşr”də işlədiyim günlərdə bələd olmuşam. O illərdə Tofiq “Azərnəşr”də musiqi şöbəsinin müdiri idi. O bu vəzifəyə gəldiyi 3-4 ayın ərzində şöbəni, demək olar ki, musiqi evinə çevirmişdi. Qısa müddət ərzində Azərbaycan musiqisinin bütün tanınmış nümayəndələrini öz ətrafına toplamışdır. 

Qəbul etdiyi musiqi əsərlərinin geniş müzakirəsini keçirirdi. Müəlliflərin təzəcə yazdığı mahnılar, lirika ilk dəfə, demək olar ki, onun otağında səslənirdi. Hamının hörmətini qazanmışdı. Onların içərisində muğamları dərindən bilən ikinci adam çətin tapılardı. Bu da əsassız deyildi. Çünki o, Əhməd Bakıxanovun evində tərbiyələnmişdi. O dövrdə Qara Qarayevin, Fikrət Əmirovun, Cahangir Cahangirovun və başqa böyük sənətkarların əsərləri nəfis şəkildə çap olunurdu. Bu yalnız Tofiq Bakıxanovun səyi və səliqəsi ilə əmələ gəlirdi.

Tofiq Bakıxanov böyük ustadı Üzeyir bəyin yolunu davam etdirirdi. O, yalnız öz fəaliyyəti ilə deyil, hər cəhətdən də böyük Üzeyirin yolunu davam etdirirdi. Məsələn, Üzeyir bəy öz yaradıcılığında İran həyatından, İran tarixindən aldığı mövzular əsasında tez-tez muğam operaları yazmışdı. Bunlardan 1909–1915-ci illər ərzində “Əsli və Kərəm”, “Rüstəm və Söhrab”, “Şeyx Sənan”, “Şah Abbas və Xurşid banu” və başqa muğam operaları yazmışdı. Ondan sonra bu mövzunu davam etdirən Tofiq Bakıxanov olmuşdu. O bu sahədə yorulmadan çalışaraq, bu mövzuda beş muğam simfoniyası yazaraq Azərbaycan musiqi xəzinəsini zənginləşdirmişdi.

Tofiq Bakıxanov bizim bəstəkarlar içərisində ən məhsuldarıdır. O, həmişə yeniliyə can atmış, tamaşaçıları sevindirmişdi. O, balet yazılışı tarixinə yeni nəfəs, yeni mövzu ilə gəlmişdi. Onun son zamanlarda yazdığı birpərdəli üç balet əsəri öz müasir mövzuları ilə seçilir.

Tofiq Bakıxanov dinclik bilməyən sənətkardır. Ömrünün çox hissəsini xarici ölkələrə səfərlərdə keçirib. Səfərdən qayıtdıqdan sonra başqa Şərq ölkələrinin musiqisi ilə qarşılıqlı əlaqələrdən bəhs edən mütləq bir yazı meydana qoyurdu. 2004-cü ildə çap edilmiş “Azərbaycan və İran musiqilərinin qarşılıqlı əlaqələri” belə səfərlərdən birinin nəticəsidir.

1991-ci ildə isə o, altı saylı “İran sonatası”nı çap etdirdi. Bəzən təəccüblənirsən. O bu əsərləri yazmaq üçün necə vaxt tapır.

Bəstəkarın həyat və fəaliyyəti ilə tanış olduqca ona ancaq həsəd aparmaq olar. 

Qılman İLKİN

 

Mədəniyyət