Qədim Xivə şəhərində IV Beynəlxalq “Baxşı” festivalının açılış mərasimi keçirilib.
Musiqi bayramına dünyanın 40 ölkəsindən gələn musiqiçilər, elm mərkəzlərinin və universitetlərin alimləri, tanınmış folklorçular, bu sahənin tədqiqatçıları, xalq ədəbiyyatının biliciləri, elm, mədəniyyət, incəsənət xadimləri qatılıb.
Festivalda Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə böyük nümayəndə heyəti, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktota Raimkulova, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi Mehmet Surayya Er, Azərbaycan Muğam Mərkəzinin direktoru, əməkdar artist Sahib Paşazadə, ictimaiyyətin nümayəndələri iştirak edib.
Açılışın əvvəlində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin festival iştirakçılarına müraciəti oxunub.
Müraciətdə deyilir: “Festivalımızın beynəlxalq nüfuzu durmadan artır. Bu dəfəki forumun Şərqin mirvarisi olan Xarəzmdə keçirilməsi ona xüsusi əhəmiyyət verir. Bu bölgənin musiqi məktəbi çox qədim və zəngin tarixə malikdir. Bu müqəddəs torpaqda Kurbonnazar Abdullayev, Qələndər baxşı – Ruzimboy Normatov, Abdulla Kurbonnazarov, Etmişboy Abdullayev və digər bu kimi parlaq səsə malik sənətkarlar yetişib”.
Sonra Özbəkistan incəsənət ustaları və Xarəzm vilayətinin artistlərinin ifasında bir-birindən gözəl musiqi nömrələri ifa edilib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Xivə