Özbəkistan universitetlərində “Konstitusiya və Suverenlik” mövzusunda mühazirələr oxunub

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində Özbəkistanın bir neçə ali məktəbində bu mövzu ilə bağlı mühazirələr oxunub.

AMM-nin dəvəti ilə Özbəkistanda olan Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Mais Əliyev Özbəkistan Dövlət Hüquq Universitetinin hüquqşünaslıq,  Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin tarix, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Türkologiya fakültələrinin yuxarı kurs tələbələri qarşısında oxunan mühazirələrdə “Konstitusiya tarixi və Azərbaycan konstitusiyasında suverenlik müddəaları”, “Sosial hüququn konstitusiya ilə tənzimlənməsi”, “Konstitusiya və suverenlik”, “Azərbaycan və Özbəkistan Konstitusiyaları tarixi, suverenlik, sosial və mədəni hüquq məsələləri” və s. mövzulardan söz açılıb. 

Mühazirələrdə Azərbaycan dövlətinin suverenliyi, Konstitusiyada yer alan müddəalar haqqında geniş məlumat verən professor Azərbaycan Konstitusiyasını Özbəkistan Konstitusiyası ilə müqayisə edərək hər iki ali qanunlar toplusunda əhəmiyyətli dərəcədə paralellər, eyniliklər olduğunu da izah edib. 

Mühazirələrin sonunda professor M.Əliyev Azərbaycan Konstitusiyası ilə bağlı tələbələrin suallarını cavablandırıb. 

Üç gün davam edən mühazirələr ali məktəb tələbələri tərəfindən böyük maraqla qarşılanıb və müvafiq kafedralar tərəfindən gələcəkdə bu qəbildən mühazirələrin təşkilinin tələbələrin bilik səviyyəsinin yüksəldilməsi baxımından vacibliyi vurğulanaraq bu təşəbbüsün mütəmadi olaraq davam etdirilməsi təklif edilib. 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

 

 

 









Mədəniyyət