Bəstəkar Cəlal Abbasovun yaradıcılığına həsr olunmuş konsert-portret nümayiş etdiriləcək

post-img

Aprelin 5-də “Muzeydə musiqili gecələr” silsiləsi çərçivəsində bəstəkar Cəlal Abbasovun yaradıcılığına həsr olunmuş konsert-portret keçiriləcək. Tədbir Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzinin birgə layihəsi çərçivəsində mərkəzin akt zalında baş tutacaq.

AZƏRTAC xəbər verir ki, gecənin moderatoru bəstəkar Firudin Allahverdi olacaq.

Konsert proqramında “Onsuz...”, “Meditations”, “2 nömrəli simli kvartet”, “Vokal silsilələr” kimi əsərlər səsləndiriləcək. İfaçılar arasında “Əkinçi” kvarteti, solistlər Fəridə Məmmədova (soprano), Yuliya Kərimova (fortepiano), Atabala Manafzadə (fortepiano), Mirxalid Məmmədzadə (fleyta), Kamil Hüseynzadə (vibrafon) və Asim Xəlilov (violonçel) yer alır.

Əməkdar incəsənət xadimi Cəlal Abbasov 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsini görkəmli bəstəkar Qara Qarayevin sinfində bitirib. Onun yaradıcılığına dörd simfoniya, beş kantata, iki simli kvartet, orqan üçün “Postlüdiya” (Qara Qarayevin xatirəsinə), “Sevinc Baharı” uşaq operası və digər əsərlər daxildir. Bəstəkarlıq fəaliyyətindən əlavə, o, həm də professor, elmi məqalə və məruzələrin müəllifi kimi tanınır.

"Muzeydə musiqili gecələr" layihəsinin əsas məqsədi Azərbaycan bəstəkarlarının konsert-portretlərinin təşkili və onların yaradıcılığının özəlliklərini tanıtdırmaqdır. Layihə çərçivəsində müəllif musiqisinin təqdimatına geniş yer ayrılır ki, bu da ölkəmizdə keyfiyyətli musiqinin daimi auditoriyasının formalaşması prosesinə töhfə verir.

Tədbir saat 19:00-da başlayacaq. Giriş sərbəstdir.

Mədəniyyət