Xalq artisti Həsən Ağasoy 67 yaşını qeyd edir

post-img

1958-ci il mart ayının 27-də Culfa rayonunun Gülüstan kəndində dünyaya gələn Həsən Ağasoy, aktyorluq yoluna hələ gənc yaşlarından addım atmış, 1975-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuşdur.

Teatr sahəsindəki fəaliyyətini C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Teatrında davam etdirən aktyor, üzərində işlədiyi 80-dən çox tamaşada fərqli və yaddaqalan obrazlar yaradaraq teatrsevərlərin qəlbində özünəməxsus yer tutmuşdur. Onun səhnədəki uğurları həm Azərbaycan teatrının inkişafına böyük töhfə vermiş, həm də gənc aktyorlar üçün ilham mənbəyi olmuşdur.
Çoxsaylı fəxri adlar və mükafatlarla təltif edilən Həsən Ağasoy, 1984-cü ildə "Naxçıvan MSSR əməkdar artisti", 1989-cu ildə "Azərbaycan SSR əməkdar artisti", 1999-cu ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür. Bununla yanaşı, o, bir neçə dəfə Prezident Mükafatına layiq görülmüş, 2008-ci ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Həsən Ağasoyun teatr və sənət sahəsində olan böyük xidmətləri bu gün də Azərbaycan teatr ictimaiyyəti tərəfindən böyük ehtiramla dəyərləndirilməkdədir. Onun doğum günü münasibətilə mədəniyət və incəsənət ictimaiyyəti tərəfindən səmimi təbriklər bildirilməkdə və fəaliyyətinə yeni uğurlar arzulanmıqdadır.

Biz də Həsən Ağasoyu bu əlamətdar günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

XQ



Mədəniyyət