Bu gün Azərbaycanda Novruz bayramıdır. Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqı Novruzu Qələbə sevinci ilə qeyd edir. Artıq suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın hər yerində Novruz bayramı böyük təntənə və Qələbə sevinci ilə keçirilir. Hər bir azərbaycanlı Novruzu bütövləşmiş Azərbaycanın vətəndaşları kimi qürurla, fəxarətlə, sevinclə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizin tam bərpasından sonra Novruz tonqalları ölkəmizin hər yerində qalanır.
AZƏRTAC xəbər verir ki, bu il Azərbaycana yaz fəsli martın 20-si saat 13:01-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.