Kitablara hopmuş Xocalı harayı

post-img

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xocalı faciəsində həlak olan soydaşlarımızın əziz xatirəsinə həsr edilən silsilə materiallar – biblioqrafik icmal, tanıtım çarxları, virtual və ənənəvi kitab sərgiləri hazırlanıb.

Biblioqrafik icmalda ölkəmizdə Xocalı soyqımına dair imzalanan rəsmi sənədlərin tam mətni, “Xocalı indi kədərin yox, Zəfərin rəmzidir!” başlığı altında özündə faciənin tarixi, Azərbaycan xalqının yaddaşında buraxdığı silinməz izlər və sağalmaz yaralar, erməni terrorizminin ən dəhşətli siması, Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işlər, 44 günlük İkinci Qarabağ müharibəsi, bir günlük lokal antiterror tədbirləri nəticəsində əldə edilən tarixi ədalət – Şanlı Qələbə, Xocalı şəhərində aparılan bərpa-quruculuq işləri haqqında məlumat verilir.

İcmalda həmçinin “Əsir Xocalı”, “Onlar heç vaxt böyüməyəcək”, “Tarixi saxtalaşdırmaq cinayətdir”, “Xocalı qətliamı: erməni qəsbkarlığının qanlı fəsadları”, “Ölümdən o yandakı Xocalı” kimi Azərbaycan, türk, ingilis, rus və digər dillərdə nəşr edilən 50-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövri mətbuat nümunələri sərgilənir.

Kitabxananın rəsmi saytında yerləşdirilən https://ryl.az/multimedia/tarixin-unudulmayan-xocali-izi “Tarixin unudulmayan Xocalı izi” adlı virtual sərgidə hadisələrin xronologiyası, tarixi, acı nəticələri haqqında məlumatlarla yanaşı Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin Xocalı soyqırımı mövzusunda olan tarixi çıxışlarının videogörüntüləri təqdim edilir, son illərdə Xocalı faciəsi mövzusunda qələmə alınan “Solmayan nərgiz”, “Xocalı şikəstəsi”, “Koramal”, “Ümidlərin izi ilə”, “Mələklərin soyqırımı” kimi bədii əsərlərin qısa annotasiyası haqda məlumat verilir.

Bundan əlavə Respublika Gənclər Kitabxanasının sosial platformalarında “Xocalı soyqırımı bədii ədəbiyyatda” başlığı altında faciəyə həsr olunan ədəbiyyat nümunələrinin tanıtım çarxları paylaşılır.

XQ

Mədəniyyət