Muğam aləminin elmi bələdçisi

post-img

Rəna Sarabskaya-Məmmədova – 75

O, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “İncəsənətin qarşılıqlı əlaqələri” şöbəsinin müdiri, etnoloq-musiqişünas alim, AMEA-nın müxbir üzvüdür. Avrasiya xalqları mədəniyyətinin müqayisəli təhlili sahəsində peşəkar mütəxəssis kimi tanınır.

Bülbül adına Orta ixtisas musiqi məktəbini, ardınca isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirən Rəna Məmmədova-Sarabskaya1981-ci ildə “Üzeyir Hacıbəylinin sonata formasının meydana gəlməsində muğamın məqam-intonasiya qanunauyğunluqlarının rolu” adlı namizədlik, 1990-cı ildə Kiyev Konservatoriyasında “Azərbaycan muğamı: təşəkkül və fəaliyyət mənbələri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Həmin ildən institutda şöbə müdiridir.

Alimin çoxşaxəli elmi yaradıcılıq fəaliyyəti var. Uzun illərin araşdırmaları sayəsində “müqayisəli sənətşünaslıq” məktəbini, “musiqi türkologiyası” konsepsiyasını yaradıb. Musiqişünaslıq irsimizin təbliği sahəsində də səmərəli fəaliyyət göstərir. Beynəlxalq simpozium və konfranslarda musiqişünaslıq elminə dair maraqlı məruzələr edib.

Professor Rəna Məmmədovanın “Azərbaycan muğamlarının musiqi estetik xüsusiyyətləri” ,“Azərbaycan muğamında funksionallıq problemləri” , “Muğam–sonata qovşağı” kitabları, “Azərbaycan muğamı” monoqrafiyası musiqi irsimizin akademik nəşrinə aid dəyərli əsərlərdəndir. Muğamlarımıza müxtəlif aspektlərdən yanaşan alim nəzəri-funksional, müqayisəli təhlillərə əsaslanan milli təfəkkürü bir təzahürü kimi təqdim edir.

Alimin 300-dən çox elmi məqaləsi respublika və xarici ölkələr mətbuatında, Danimarka, Norveç, Sloveniya, Rusiya və digər ölkələrdə impact-factor indeksli jurnallarda dərc edilib. O, öz fənnləri üzrə müvafiq kursların tədrisi metodikası, muğamın lad-intonasiya təhlili vasitələri yaradıb. Bütün araşdırmaları musiqişünaslığın tədqiqi və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Rəna Məmmədovanın elmi-təşkilati fəaliyyətlə də bir örnəkdir. Rəhbərlik etdiyi şöbədə Azərbaycan incəsənətinin türkdilli və digər xalqların bədii mədəniyyəti ilə qarşılıqlı təsir və əlaqələri tədqiq olunur. Burada müqayisəli musiqişünaslıq sahəsində planlı və sistematik tədqiqatlar aparılır. Mədəniyyətimizin səciyyəvi xüsusiyyətlərini təcəssüm etdirən musiqi, xoreoqrafiya, teatr və digər bədii yaradıcılıq formaları araşdırılır, digər xalqların incəsənəti ilə müqayisəli tədqiq olunur, yeni prioritet istiqamətlərə işıq tutulur. Milli özünəməxsusluğumuzun aşkar edilməsində məhz ümumtürk kökləri kontekstində nəzərdən keçirilir.

Rəna xanım şöbəyə rəhbərlik etdiyi ilk illərdən bilikli gənclərin yetişdirilməsinə, peşəkar kadr hazırlığına xüsusi diqqət yetirir. Alimin rəhbərliyi altında 30-a yaxın fəlsəfə və elmlər doktoru hazırlanıb. Dəyərli alim Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin, Rəssamlar İttifaqının, Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Azərbaycan Zadəganlar məclisinin, “Simurq” Mədəniyyəti cəmiyyəti Rəyasət Heyətinin, bir çox elmi jurnallarının redaksiya heyətinin, dissertasiyaların müdafiəsi üzrə İxtisaslaşdırılmış şuraların daimi üzvüdür.

O, Bakı Humanitar Forumunun, paytaxtımızda keçirilən ənənəvi “Muğam aləmi” Beynəlxalq simpoziumlarının 5-nin də iştirakçısı olub, “Türk dövlətləri və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı”nın nümayəndəsi seçilib. Çoxlu mükafatlara layiq görülüb.

Görkəmli musiqişünas alimi 75 illik yubileyi münasibətilə təbrik edir, ona elmi yaradıcılıq fəaliyyətində yeni uğurlar arzu edirik.

Rəfiqə AĞAKİŞİYEVA,
AMEA Memarlıq və İncəsənət İnstitutu ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Mədəniyyət