MEK-də Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib

post-img

Yeni Azərbaycan Partiyası Yasamal rayon Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxana (MEK) üzrə ilk ərazi partiya təşkilatının və MEK Qadınlar Şurasının birgə təşkilatçılığı ilə 21 Fevral - Beynəlxalq Ana Dili Günü ilə münasibətilə tədbir keçirilib. Tədbirdə dilçi alimlər, ədəbiyyatşünaslar, şagirdlər və digər qonaqlar iştirak ediblər.

MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov çıxış edərək ana dilinin milli kimliyin qorunması və inkişafında mühüm rol oynadığını vurğulayıb, həmçinin Azərbaycan dilinin zəngin tarixi, inkişaf yolu və qarşılaşdığı problemlər barədə danışıb. Direktor ölkəmizdə ana dilinin hərtərəfli inkişafının, işlək dilə çevrilməsinin və beynəlxalq münasibətlər sistemində yer almasının Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsi olduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Tədbirdə MEK-in Kitabxana xidməti üzrə direktor müavini dosent Şəhla Quliyevanın “Ana dilimiz qürur mənbəyimizdir”, İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent  Qətibə Quliyevanın “Müstəqil və Suveren Azərbaycanda dil siyasəti”, Folklor İnstitutunun  aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayevanın “Folklor mətnlərinin  dil və üslub xüsusiyyətləri”, Qarabağ qəhrəmanları fondunun müdiri Röksana Səfərzadənin “Ana dilim – Ana Vətənim”, Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyevanın “Bəxtiyar Vahabzadə yaradıcılığında ana dili” mövzularında məruzələri dinlənilib. Həmçinin İnnovativ layihələr və metodiki təminat şöbəsinin əməkdaşı Pərvanə Qarayevanın çıxışı olub. Məruzəçilər ana dilinin dövlət siyasətindəki yeri, onun qorunması və inkişafı istiqamətində görülən işlər, eləcə də gələcək perspektivlər barədə danışıblar. 

Tədbirin bədii hissəsində MEK-in MRY şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Günel Əhədova, orta məktəb şagirdləri Validə Bağırova, Rəsul Salahzadə, Murad Hüseynli, İnci Hüseynli və Nərgiz Hüseynova ana dili haqqında şeirlər səsləndiriblər.

İştirakçılar Mərkəzi Elmi Kitabxananın Sərgi salonunda 21 Fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar təşkil edilən kitab sərgisi ilə də tanış olublar. Sərgidə dövlət dil siyasətinin ölkədə uğurla inkişaf etdirilməsi, Azərbaycan dilinin tarixi kökləri, folklor qaynaqları, türk dilləri içərisindəki özünəməxsus yeri, o cümlədən siyasi statusu və çağdaş problemləri ilə bağlı nəşrlər təqdim edilib. Burada, həmçinin mövzu ilə bağlı dövlət sənədləri və arxiv materialları da nümayiş olunub.

Tədbirin sonunda şagirdlərə MEK tərəfindən hədiyyələr təqdim edilib.

Mədəniyyət