Səməd Mövləvi – 125
Qədim Naxçıvanın mədəniyyət və incəsənətində mühüm xidmətləri olan nəsillərdən biri Mövləvilərdir. Teatr aktyoru və rejissoru, Xalq artisti, mərhum Səməd Mövləvi də bu sayılıb-seçilən nəslin adını ləyaqətlə təmsil edib. Əbdülsəməd Mirzə Məhəmməd oğlu Mövləvi-Rzalı 20 fevral 1900-cü ildə Təbrizdə anadan olub, ilk təhsilini molla məktəbində alıb və 1916-cı ildə oranı bitirib. 1921-ci ildə Güney Azərbaycanda baş verən siyasi proseslərə görə Naxçıvana köçüb.
Xalq artisti Sidqi Ruhulla öz xatirələrində yazır: “Biz Təbrizdə Nəriman Nərimanovun “Nadir şah” faciəsini tamaşaya qoyduğumuz zaman qadın surəti Gülcahanı ifa edən tapılmadı. Mən həmin rolu “Rüşdiyyə” məktəbində təhsil alan gənc tələbə Səməd Mövləviyə tapşırdım. O, heç nədən çəkinmədən çox böyük bir cəsarətlə Gülcahan rolunu ifa etdi”.
O zamanlar rus inqilabının təsiri ilə İranda bir sıra mütərəqqi təşkilatlar yaradılmışdı ki, bunlardan biri də “Cəmiyyəti-xeyriyyə” idi. Səməd Mövləvi Təbrizdə ilk dəfə tamaşaya qoyulmuş “Ölülər” tragikomediyasında Şeyx Nəsrullah surətini böyük məharətlə oynayıb. Bu parlaq fitri istedadı görən Cəlil Məmmədquluzadə, Hüseyn Ərəblinski və başqaları sovet hakimiyyəti qurulduqdan sonra onun Naxçıvan səhnəsinə gətirilməsini təmin ediblər. 40 ildən artıq bir dövrdə Səməd Mövləvi 225-dən çox müxtəlif xarakterli obraz yaradıb, rejissorluq edib. Eyni zamanda, İrəvan Azərbaycan treatrının təşkilində zəhmətlər çəkib, qısa bir arada Tiflis Azərbaycan teatrında da işləyib. Unudulmaz aktyorlar Həsən Səfərli, Əli Xəlilov, Rza İsfəndiyarlı, Rza Təhmasib, Kazım Ziya, Mirhəsən Mirişli ilə birlikdə daim ürəkdən alqışlanıb. İsa Musayev, Məmmədhüseyn Təhmasib və Sidqi Ruhulla ilə yaxın dost olub.
O, Cəfər Cabbarlının “Od gəlini”, “1905-ci ildə”, Hüseyn Cavidin “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Dəli knyaz”, M.F.Axundovun “Hacı Qara”, Şəmsəddin Saminin “Dəmirçi gavə”, gürcü yazıçısı Şanşiaşvilinin “Anzor”, Şekspirin “Hamlet”, “Otello”, Şillerin “Qaçaqlar”, “Məkr və məhəbbət”, hind yazıçısı Hüseyn Fitrətin “Hind ixtilaçıları”, rus klassiklərindən Qoqolun “Müfəttiş”, Ostrovskinin “Günahsız müqəssirlər”, Şkvarkinin “Özgə uşağı” pyeslərini uğurla tamaşaya qoyub və özü də ayrı-ayrı rollarda çıxış edib.
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Musa Rəhimoğlu yazır ki, bir gün gənc Səmədin tarzən dostu Tapdıq Hüseynovgilin qonşu həyətində toy imiş. Tapdıq evlərinin balaxanasında (mansarda) onunla nərd oynayan dostunun fikrinin-zikrinin toyda rəqs edən qızlardan birində olduğunu sezərək, “O qız komissar İbrahim bəyin baldızıdır, Gürcüstandan gəlib, ehtiyatlı ol”, – deyir. Amma Səmədin həvəsi ötəri olmur, o, Nadejda adlı həmin gözəl qıza ürəkdən vurulur. Tapdıq və digər dostları bu işi yoluna qoya bilirlər. Məsələni Naxçıvanda İbrahim bəyin ailəsinə deyirlər, sonra uzaq Kutaisiyə gedib Nadejdanı Səmədə alırlar.
Səməd Mövləvi ilə Nadejda Qaramanovanın (Qəhrəmanova) qurduğu ailə Naxçıvanda öz nümunəviliyi ilə tanınıb. Onlar şəhərin mərkəzindəki ikimərtəbəli binanın birinci qatında yaşayıblar. Səməd Mövləvi ömrünün axırına – 1962-ci il fevralın 3-nə kimi bu evdə yaşayıb. Ona təzə mənzil vermək istəyəndə deyirmiş ki, yox, buranı çox sevirəm, düşərli evdir. Sonralar həmin mənzildə onun oğlu, Xalq artisti Tofiq Mövləvi yaşayıb. Nadejda xanım əvvəlcə Naxçıvan teatrında əlbisə sexində işləyib. Bir müddət keçincə uşaqları Natella, Tofiq və Turanın qayğısını çəkmək üçün evdarlıq etməli olub.
Bir gün də qoltuğunda bir qovluq dekorasiya şəkilləri və geyim eskizləri olan gənc bir rəssam Naxçıvan teatrına gələrək işləmək istədiyini söyləyir. Eskizlərlə tanış olan aktyor-rejissor Səməd Mövləvi gəncin istedadını yüksək qiymətləndirir və hazırladığı “Ölülər” tamaşasının rəssam işini tamamilə ona həvalə edir. İlk sınaq uğurlu keçir və Səməd müəllimin xeyir-duası ilə həmin gənc icraçı rəssam kimi teatrda işə qəbul edilir. Bu, gələcəyin tanınmış teatr rəssamı, orada çalışdığı 44 ildə 100-dən artıq tamaşanın quuluşçu rəssamı olacaq görkəmli pedaqoq və publisist, Əməkdar incəsənət xadimi Məmməd Qasımov idi.
Yanvarın 29-da Məmməd Qasımovun 100, bu gün isə Səməd Mövləvinin 125 illik yubileyidir. Üstündən 82 il keçən həmin olayı isə bizə mərhum Məmməd müəllimin oğlu – AMEA Naxçıvan Bölməsində çalışan, Naxçıvan teatrı haqqında da elmi əsərlər yazan sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov danışdı və Səməd müəllimin bir çox gənc istedada yaxşılıqlar etdiyini bildirdi.
Görkəmli teatr xadimi, həssas insan Səməd Mövləvinin həm də gözəl səsi olub. Üzeyir Hacıbəylinin məşhur operasından Məcnunun ariyasını çox mükəmməl oxuyurmuş. İndi onun adını daşıyan nəvəsi Əbdülsəməd fortepianoda babasının oxuduğu ariyanı ürəyəyatımlı şəkildə səsləndirir...
Həyat, beləcə, davam edir. Unudulmazların isə həmişə yeri görünür.
Ə.DOSTƏLİ
XQ