Azərbaycan sevdalı rus aktrisa

post-img

Vera Şirye – 110

Səməd Vurğunun adını daşıyan Dövlət Rus Dram Teatrının aktrisası, “Xalqlar dostluğu” və “İstiqlal” ordenli Xalq artisti Vera Şirye oynadığı bütün rollara öz möhürünü vurmuş sənətkarlardan olub.

O, 31 yanvar 1915-ci ildə Bakı şəhərində anadan olub. Onun atası Karl Petroviç Şirye milliyətcə latviyalı idi, Birinci Dünya Müharibəsində həyatını itirmiş, qızını heç görməmişdi. Vera onu əziz balası kimi sevən ögey atası Mirzə Səttarovun ailəsində böyüyüb. Sonra onun Leyla adlı bir bacısı da olub (Əməkdar həkim, respublikada ilk qadın-Ali Sovet deputatı Leyla Tağızadə).

Vera Karlovna tez-tez etiraf edirdi ki, onun teatra gedən yolunu atalığı çəkib, çünki həvəskar teatrda oynayıb-oxuyurdu və həmişə onu məşqlərə özü ilə aparırdı. Vera Şirye səhnə fəaliyyətinə 18 yaşında Bakı İşçi Teatrı (sonrakı Azərbaycan Dövlət Rus Dram Teatrı) nəzdindəki studiyada başlayıb və bir neçə ildən sonra həmin teatrın aktrisası olub. İkinci Dünya müharibəsi zamanı cəbhələrdə əsgərlərin qarşısında dəfələrlə çıxış edib və buna görə 1945-ci ildə “Qırmızı Ulduz” ordeninə layiq görülüb. Hətta bir dəfə əfsanəvi İosip Broz Tito (Yuqoslaviyann prezidenti) onu əsgərlər qarşısında çıxış edərkən görüb və aktrisaya Yuqoslaviyada qalıb Belqraddakı “Zabitlər evi”nə rəhbərlik etməyi təklif edib. O isə dogma Bakıdan ayrı qala bilmədiyini deyərək, təklifi qəbul etməyib.

Vera Karlovnaya Moskvada qələbə bayramında çıxış etmək xoşbəxtliyi də nəsib olub. Ancaq həmin çıxış vaxtı, göz yaşları ilə sevinc onun çöhrəsində bir-birinə qarışıb, çünki o ərəfədə Vera sevgilisi Petyanın qara kağızını alıbmış. Qələbəsini yaşadığı müharibə onu ən sevimli adamından edibmiş.

Sonra heç kəsə qəlbini verməyən aktrisa uzun səhnə həyatı boyu Vera Şirye 200-ə yaxın rol oynayıb. Mirandolina (“Mehmanxana sahibəsi”, K.Qoldoni), Maşa (“Canlı meyit”, L.Tolstoy), Melanya (“Günəşin övladları”, M.Qorki), Anna İliniçna (“Ailə”, İ.Popov), Qızyetər (“Xanlar”, S.Vurğun), Nataşa (“Şərqin səhəri”, Ə.Məmmədxanlı), Ledi Hef (“Oğruların şənliyi”, J.Anuy), Tereza (“Terezanın ad günü”, G.Mdivani), Pori xala (“Sən no üçün yaşayırsan?”, İ.Qasımov və H.Seyidbəyli), Elizaveta (“Mariya Stüart”, F.Şiller), Kuraj ana (“Kuraj ana və uşaqları”, B.Brext) və sair rolları canlandırıb. “Mahnı belə yaranır”, Mən səni xatırlayıram, müəllim”, “Muğam” kimi filmlərdə də çəkilib.

Biz onu həm də gözəl bədii qiraət ustası kimi də tanıyırıq. Onun oynadığı heç bir rola baxmayanlar belə, Xalq şairi Süleyman Rüstəmin “Ana və poçtalyon” şeirini televiziyada Vera Şiryenin ifasında, özü də Azərbaycan dilinin bütün koloriti ilə maraqla dinləyərək əsl istedad sahibi kimi tanıyıb, pərəstişkarına çevriliblər. Çünki şeirdə olduğu kimi, səslənməsində də yalançı patetika, oxuculara zorla sırınan ritorika və saxta pafos yox idi. Ana intizarı rəsmlənirdi.

Dörd ay vardı, ananın gözləri yol çəkirdi,
Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi.
Sorurdu: – “Balam hanı?” – hər cəbhədən gələndən,
Ondan xəbər gəlməyir, xəbər gəlir öləndən…

Vera Şiryenin 80–90-cı illərdə də tez-tez oxuduğu bu şeiri, bəlkə də Süleyman Rüstəm məhz onun üçün yazıbmış. Bu da deyilir ki, təkcə cəbhə bölgələrində çıxışlarla kifayətlənməyən aktrisa özü də bir növ poçtalyonluq edir, azərbaycanlı əsgərlərin yazıb evlərinə çatdırmaq üçün ona verdikləri məktubları Bakıya qayıdan kimi ünvanına çatdırırmış.

Xalq artisti həm sovet vaxtı, həm də ittifaq dağıldıqdan sonra Moskvadan və başqa teatrlardan dəvətlər alsa da, özünü doğma bakılı və azərbaycanlı hesab etdiyi üçün heç yerə getməyib. Bakıda yaşamağa davam edib.

Ümummilli lider Heydər Əliyev ona böyük sənətkar kimi daim layiq olduğu dəyəri verib, ilklər sırasında Prezidentin fərdi təqaüdünə layiq görüb. Vera Şiryenin 85 yaşı tamam olanda Ulu öndər ona zəng vuraraq bütün dövrlərin ən böyük aktrisası adlandırıb və təbrik edib. Sonra teatr sənətinin inkişafındakı xidmətlərinə görə “İstiqlal” ordeni verib.

Vera Şiryenin Azərbaycan sevgisi çoxsaylı pərəstişkarlarının onu sevməsinə vəsilə olmuşdu.

Ə.ƏLİYEV
XQ

Mədəniyyət