Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Türk dünyası gənc yazarlarının Lənkəran toplantısı" layihəsi çərçivəsində Türk dünyasından Azərbaycana gəlmiş yazarların iştirakı ilə Bakı şəhərində tədbir keçirilib.
Sabir Rüstəmxanlı ocağında baş tutan tədbirdə Türk dünyasının ədəbi-mədəni əlaqələrinin inkişafı, gənclərin üzərinə düşən vəzifələr, bu günə qədər görülmüş və görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Tədbiri Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı açaraq qonaqları salamlayıb. Mərasimin baş tutmasını əlamətdar hadisə adlandırıb. Türk dünyası ədəbi-mədəni əlaqələrinin inkişafı yönündə görülən işlərdə Dünya Gənc Türk Yazarlar Birliyinin xüsusi önəm daşıdığını vurğulayıb, yeni nəsil yazarlara tövsiyələrini çatdırıb.
Daha sonra Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar layihənin məqsədi, layihə çərçivəsində çap olunmuş kitab və s. haqqında ətraflı məlumat verib. Türk dünyasının müxtəlif nöqtələrindən Azərbaycana gəlmiş yazarlar Türkiyə Respublikasının təmsilçisi Ənvər Aykol, Özbəkistan Respublikasının təmsilçiləri Suhrab Ziya, Mohira Eşpoladova, Çuvaşıstan Respublikası təmsilçisi Natalya Gerasimova, Azərbaycan Respublikasından olan yazarlar Yusif Nazim, Ayşən Rəhim, Həsən Kür, Rizvan Fikrətoğlu, Aytən Qurbanova və başqaları çıxış edərək layihənin önəmindən, qardaş xalqlar arasında ədəbi əlaqələrin inkişafında vacibliyindən bəhs ediblər.
Tədbirin sonunda Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Xalq şairi Sabir Rüstəmxanlıya təşkilatın 25 illik yubiley medalını təqdim edib. Xatirə fotosu ilə tədbirə yekun vurulub.
Rizvan FİKRƏTOĞLU
XQ