Görkəmli rəssam, müasir Azərbaycan boyakarlıq sənətində mənzərə janrının yaradıcılarından və ən böyük ustadlarından biri Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Orta təhsil aldıqdan sonra o, 1927-1931-ci illərdə Azərbaycan Rəssamlıq Məktəbində oxuyub. İstedadlı gənc rəssam yaradıcılığa o dövrdə artıq yaxşı tanınan və sevilən rəssam Əzim Əzimzadənin rəhbərliyi ilə “Kommunist” qəzetində başlayıb. Təhsilini Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirib.
Səttar Bəhlulzadə Azərbaycan impressionizminin banisi hesab olunur.
Rəssamı ilhama gətirən təbiət motivləri rəngarəngdir. O, səfalı dağ mənzərələrini, meyvə bağlarını, bərəkətli pambıq tarlalarını, baharın gözəlliyini, payızın qızılı rənglərini dönə-dönə, hər dəfə də vurğunluqla tərənnüm edib. “Doğma düzənliklər”, “Gölməçələrdə ördəklər” şairanə mənzərələrində Lənkəranın təbiətini əks etdirən rəssam “Yuxarı Daşaltı”, “Cıdır düzü”, “Dumanlı dağlar”, “Yaşıl xalça” lövhələrində Qarabağın səfalı yerlərini fırçasının möcüzəsi ilə kətan üzərində canlandırıb.
Abşeron təbiətinə həsr etdiyi “Neft daşları” mənzərə silsiləsi onun yaradıcılığında xüsusi yer tutur.
Səttar Bəhlulzadənin tabloları respublika, ümumittifaq, habelə rəssamın fərdi sərgilərində göstərilib, Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Almaniya, Çexiya, Bolqarıstan, Macarıstan, Rumıniya, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və s. ölkələrdə keçirilən sovet təsviri sənəti sərgilərində nümayiş etdirilib. 1964-cü ildə Praqada onun qrafika əsərlərindən ibarət fərdi sərgisi təşkil olunub.
Hazırda onun əsərləri R.Mustafayev və Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində və çox böyük hissəsi şəxsi kolleksiyalarda saxlanır.
Məhsuldar fəaliyyətinə və yüksək sənətinə görə Əməkdar incəsənət xadimi, Xalq rəssamı fəxri adlarına layiq görülub. Dövlət Mükafatı laureatı, Qırmızı Əmək Bayrağı” ordeni və s. medallarla təltif edilib.
Milli Kitabxanada görkəmli rəssam Səttar Bəhlulzadənin doğum günü ilə əlaqədar “Xalq rəssamı Səttar Bəhlulzadə - 115” adlı geniş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə Xalq rəssamı Səttar Bəhlulzadənin Bakının müxtəlif muzey və qalereyalarında, həmçinin özəl qalereyalarda və şəxsi kolleksiyalarda saxlanılan sənət əsərlərinin fotoları, boyalarda yaşayan rəssamın yaradıcılığı, haqqında xatirələrdən bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.