Daşkənddə TDT diaspor məsələləri qurumları rəhbərlərinin altıncı görüşü olub

post-img

Daşkənddəki “Hyatt Regency Tashkent” otelində Türk Dövlətləri Təşkilatının diaspor qurumları rəhbərlərinin altıncı iclası keçirilib. 

Tədbirə TDT-nin katibliyi, Azərbaycan, Qırğızıstan, Türkiyə, Qazaxıstan və Özbəkistan nümayəndələri qatılıb.

Ölkəmizi bu tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. 

Foyedə Milli Mədəniyyət Mərkəzlərinin xalq sənətkarlıq nümunələrindən ibarət sərgi nümayiş etdirilib.

Özbəkistan Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədri Rüstəm Qurbanov tədbiri açaraq  Özbəkistanda bütün millətlərin dinc, qarşılıqlı hörmət çərçivəsində öz adət və ənənələrini, mədəniyyətlərini qoruyub saxlayaraq inkişaf etdirdiyini və onların ictimai işlərdə aktiv iştirakının təmin edildiyini vurğulayıb.

Elşad Əliyev diaspor quruculuğu sahəsində Azərbaycanda görülən işlər haqqında məlumat verib.

Sonra  digər ölkələrin nümayəndələri çıxış ediblər. 

Bildirilib ki, bugünkü təlatümlü dövrdə bəşəriyyətin üzləşdiyi mürəkkəb problemlərin və təhlükələrin birgə həllində, müxtəlif təhdidlərin qarşısının alınmasında bütün xoşməramlı insanların, xüsusən də qonşu dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların səylərini birləşdirmək lazımdır.

Tədbirin keçirilməsində məqsəd üzv dövlətlərin diaspor təşkilatları arasında əməkdaşlığı genişləndirmək, diasporların problemlərini və onların həlli yollarını müzakirə etmək, üzv dövlətlərin diaspor qurumları arasında təcrübə mübadiləsi aparmaqdan ibarətdir. 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 

 

 

 









Mədəniyyət