Qələm dostumuz – filologiya elmləri doktoru, professor, “Göyərçin” jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi, şair Rafiq Yusifoğlu bir dəfə dedi ki, ilk sənət müəllimi ana babası Nuşirəvan Kərimov olub.
Sonra professordan öyrəndik ki, babası – pedaqoq, şair Nuşirəvan Kərimov (1898– 1966) Zəngəzur mahalının Qarakilsə bölgəsinin Sofulu kəndində məşhur bəy ailəsində dünyaya göz açıb. Qubadlının Xocamsaxlı kəndi onların qışlaq yeri olub. Nuşirəvanın babası Molla Səfidən bu nəslin müəllimlik peşəsinə bağlılığı başlayıb. O özü isə Şuşa Pedaqoji Texnikumunu bitirib, Xocamsaxlıda ibtidai məktəbin açılmasına nail olub. Şərəfli peşədə xidmətlərinə görə orden və medallara, “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Nuşirəvan Kərimov “Molla Nəsrəddin” (1906–1931) satirik jurnalının son dövrlərində məcmuənin Zəngilan–Qubadlı bölgəsi üzrə təmsilçisi olub. “İstiot” təxəllüsü ilə şeirləri, felyetonları dərc edilib. “Molla Lətif”, “Ağlaşma”, “Zəhmətkeşlərə” şeirləri, eləcə də “Aşıq” imzası ilə yazdığı “Yeni pir”, “Fırıldaqçı molla” felyetonları buna misal ola bilər. Eyni bölgədən, eyni dəst-xətlə yazılan felyetonların kimin qələminin məhsulu olduğunu Zəngəzur mahalında hamı bilirdi.
Məsələn, kəndlərin birində məktəb binasının bərbad vəziyyəti ilə bağlı “Molla Nəsrəddin”də “Qubadlıdan” rubrikası ilə verilmiş tapmacanın müəllifi məhz Nuşirəvan Kərimov olub. Tapmaca belə idi:
O nədir ki, zığı var,
Altında çubuğu var.
Pəncərəsi yoxsa da,
Hər yandan işığı var?
Cavab isə belə idi:
Çəpərədir, zığı var,
Altında çubuğu var.
Gilətağ məktəbidir,
Hər yandan işığı var.
Söhbət Zəngilandakı Gilətağ kəndində o zamankı “çəpərə” məktəbdən gedirdi.
Nuşirəvan Kərimovun jurnalda “İstiot” imzası ilə çap edilmiş məşhur “Zəli bulaq” şeirində Qubadlı ərazisindəki zəli ilə dolu bulağın insanlara gətirdiyi bədbəxtlikdən, xəstəlikdən söhbət açılıb. Həmin şeir belə bir sonluqla bitir:
Molla əmi, müxtəsər,
Yaz bizə doğru xəbər.
Görək, belə dərdlərin,
Dərmanını kim verər?
“Molla Nəsrəddin”in 1930-cu il 3-cü sayında dərc edilmiş bu şeirə Mirzə Cəlil özü belə cavab vermişdir:
Qurtarmağa bu dərddən,
Ayrı dərman gəzmə sən.
Kəndli deyil ki, dəli,
Udmasın giri zəli.
Tənbəlliyi atsınlar,
Səlamətə çatsınlar.
Təmir etsin bulağı,
Ta dincəlsin qulağı.
Jurnalın bu çıxışından sonra bulaq təmir edilmiş, məktəb binası tikilib başa çatdırılmışdır. “Molla Nəsrəddin” nəşrini dayandırdıqdan sonra da Nuşirəvan Kərimov öz fəaliyyətini digər mətbuat orqanlarında davam etdirib.
Rafiq Yusifoğlunun dedikləri:
– Şeirin ibtidai qaydalarını babam mənə hələ o vaxt öyrətmişdi. Onun məndə xeyli əlyazması var. Əski əlifba ilə yazıldığından, onları oxuya bilmirdim. AMEA Folklor İnstitutunda Dissertasiya Şurasının iclasından sonra bu haqda dostum, filologiya elmləri doktoru, professor Raqub Kərimova danışdım. Dedi ki, o yazıların fotosunu çəkib mənə göndər. Mən bir şeirin fotosunu çəkib Raqub müəllimə göndərdim. Onun bizim əlifbaya çevirib göndərdiyi bu şeiri oxuyanda qəribə hisslər keçirdim. Mənə elə gəldi ki, ermənilərin vəhşiliyini hələ uşaq vaxtı öz gözləri ilə görən babam elə öz taleyinin ağrılı anlarını nəzmə çəkibmiş. Şeirdə belə misralar var:
Açıldı iki meydan,
Axıdıldı qızıl qan.
Yatmayıb gecə-gündüz
Vuruşdular üzbəüz.
Düşmən azğınlaşdıqca,
Öz həddini aşdıqca,
Quduz canavar kimi,
Zəhərli şahmar kimi
Vurdu, sancdı, dağıtdı,
Qanı sel tək axıtdı.
Biinsaf azğın yağı
Qırıb arvad-uşağı,
Sivirib baş-qulağı,
Nizələrə taxdılar,
Atəşlərə yaxdılar...
Nəhayət qeyd edək ki, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin bu ilin əvvəlində geniş oxucu auditoriyasına təqdim olunmuş “Qərbi Azərbaycan mətbuatı tarixi” kitabında da Nuşirəvan Kərimova ayrıca abzaslar həsr edilib: “Molla Nəsrəddin” jurnalının səhifələrində gizli imzalarla çıxış edən yazarlardan biri də tanınmış şair Rafiq Yusifoğlunun babası, şair Qasım Qasımzadənin müəllimi olmuş Nuşirəvan Kərimov idi. “İstiot” gizli satirik imzası ilə “Molla Nəsrəddin”də maraqlı yazılar çap etdirən Nuşirəvan Kərimov dövrünün tanınmış ziyalılarından biri idi. Onun 1930-cu illərdə “Molla Nəsrəddin” jurnalının müxtəlif nömrələrində felyetonları dərc olunmuşdur. “Molla Nəsrəddin” jurnalında “Qubadlıdan” rubrikası ilə müxtəlif tapmacalar da verilmişdi ki, bunlar Nuşirəvan Kərimova məxsusdur. O xalqın maariflənməsi yolunda fədailik etmiş bir müəllim kimi pedaqoji fəaliyyəti ilə bölgədə böyük nüfuz sahibi idi”.
Əli NƏCƏFXANLI
XQ