Rəşad Məcid – 60
“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Əməkdar mədəniyyət işçisi, yazıçı, publisist Rəşad Məcidin 60 illik yubileyi onun doğulduğu Ağcabədi rayonunda ədəbi-bədii gecə ilə qeyd olunub.
Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdən öncə Rəşad Məcidin yaradıcılığına həsr olunmuş sərgiyə baxış keçirilib. Azərbaycan Milli Kitabxanasının sərgilədiyi guşədə ünlü yazarın Azərbaycanda və xarici ölkələrdə nəşr olunmuş kitabları, o cümlədən redaktoru olduğu və haqqında yazılan kitablar nümayiş etdirilib.
Sonra mərkəzin konfrans zalında Rəşad Məcidin ömür yolundan bəhs edən videoçarx göstərilib. Gecənin aparıcısı yazıçı-publisist, Milli Məclisin deputatı Aqil Abbas açılış nitqi ilə çıxış edərək yubilyarı səhnəyə dəvət edib.
Gecədə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Qabaqcıl maarif xadimi Ədalət Hüseynov, “Aran” qəzetinin redaktoru, AYB-nin üzvü Məhsəti Musa şairin yaradıcılığından, uğurlu fəaliyyətindən söz açıb, ona xoş arzularını bildiriblər.
Rəşad Məcidin 1982-ci ildə Ağcabədidə çıxan “Sürət” (hazırkı “Aran”) qəzetində çap olunmuş ilk şeirini məktəbli Nəimi Ağayev səsləndirib. Şairlə Şuşada tanış olmuş daha bir məktəbli – Məcid Məmmədov onun “Cıdır düzü” şeirini söyləyib və sazda “Ruhani” havasını ifa edib. Məclisdə Rəşad Məcidin sözlərinə bəstələnmiş mahnılar təqdim edilib.
Yubilyara Ağcabədi Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və hədiyyəsi yubilyara təqdim olunub.
Sonda çıxış edən Rəşad Məcid doğma Ağcabədidə həmyerliləri ilə yubiley görüşündən məmnunluğunu ifadə edib və məclisin təşkilatçılarına minnətdarlığını bildirib.
XQ