Manisa Xalq Kitabxanasına Azərbaycana aid kitablar hədiyyə edilib

post-img

Türkiyənin Manisa Xalq Kitabxanasına Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, turizm potensialı və digər sahələrlə bağlı kitablar, broşürlər, təbliğat-təşviqat materialları hədiyyə edilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, kitablar Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin İdarə Heyətinin sədri Şentürk Hoşgülün Manisa Mədəniyyət İdarəsinin rəhbəri İbrahim Sudak və Manisa Xalq Kitabxanasının müdiri Ayşin Kibritlə görüşündə təqdim olunub. Şentürk Hoşgül bu təşəbbüsün əhəmiyyətindən söhbət açıb.

Manisa Mədəniyyət İdarəsinin rəhbəri İbrahim Sudak kitabxanaya hədiyyə edilən kitablara görə Dövlət komitəsinə minnətdarlığını bildirib. Mədəni əməkdaşlıqların iki xalq arasında bağların möhkəmlənməsinə və mədəni zənginliklərin paylaşılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Cari ilin avqustunda ölkəmizdə səfərdə olan dərnək rəhbəri ilə Komitədə keçirilən görüş zamanı Manisa Xalq Kitabxanasında Azərbaycan guşəsinin yaradılması və orada ölkəmizin tanıdılması ilə bağlı təşəbbüs irəli sürülüb. Bununla bağlı Komitə tərəfindən kitablarla yanaşı, Azərbaycan dilinin öyrənilməsi, milli geyimlər və Azərbaycan Respublikasının Dövlət Bayrağı müxtəlif ölçülərdə qonağa təqdim olunub.

Mədəniyyət