Oktyabrın 3-də Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Mədəniyyət Nazirliyi və UNESCO-nun Ümumdünya İrs Mərkəzinin birgə təşkilatçılığı ilə Volqa-Xəzər İpək Yolu Dəhlizi üzrə ikinci illik subregional konfrans və praktik sahə seminarı işə başlayıb.
Tədbirdə Azərbaycanla yanaşı, Qazaxıstan, Rusiya Federasiyası, Türkmənistan və İran nümayəndələri iştirak edirlər.
Konfransın təşkilində məqsəd “Volqa-Xəzər İpək Yolu Dəhlizinin transsərhəd nominasiyası” üçün təqdim olunacaq mədəni irs obyektlərini müəyyən etmək, dəhlizə daxil olan 5 ölkədən hökumət nümayəndələri, milli əlaqələndiricilər, yerli və beynəlxalq ekspertlərlə müvafiq sənədlər ətrafında fikir mübadiləsi aparmaqdır.
Eyni zamanda, 2024-cü il oktyabrın 3-dən 6-dək Bakıda keçiriləcək konfrans və seminarın proqramına Volqa-Xəzər İpək Yolu İrs Dəhlizi üzrə fəaliyyət istiqamətində sənədlərin və tövsiyələrin hazırlanması sahələrində səylərin davam etdirilməsi; irs obyektlərinin inventarlaşdırılması və elmi sənədləşdirilməsinin aparılması; Volqa-Xəzər Dəhlizinin Ümumdünya İrs Siyahısına transmilli nominasiyası üzrə seçim prosesində komponentlərin prioritetləşdirilməsi meyarlarının müəyyən edilməsi; koordinasiya mexanizminin və namizədlərin irəli sürülməsi prosesində Katibliyin rolunun razılaşdırılması; sualtı irs üzrə tədqiqatların aparılması və quru yollarının arxeoloji tədqiqatları ilə sualtı arxeoloji işlər arasında əlaqənin yaradılması; ICOMOS (Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şura) tərəfindən İpək yollarının tematik tədqiqatlarının davam etdirilməsi, o cümlədən Volqa-Xəzər dəhlizinin tədqiqi məsələləri daxildir.