CBC-nin Urmiya gölünün məhv olmasına dair filmi ekoloji festivalda nümayiş olunacaq

post-img

Urmiya gölü məhv olur! CBC telekanalının istehsalı olan, bu mövzuya həsr olunmuş “Doğma sahillər” sənədli filmi “Smaraqdni” Ekoloji Film Festivalının (SEFF) ekoloji mövzular müsabiqəsində nümayiş olunacaq. “Doğma sahillər” sənədli filmi vaxtı ilə Yaxın Şərqin ən böyük gölü olan, İranın etnik azərbaycanlıların yaşadığı vilayətində yerləşən Urmiya gölünün quruması ilə yaranan ekoloji fəlakətə həsr olunub. 

Film Urmiya gölünün qurumasının ekosistemə, yerli əhalinin sağlamlığına və bölgənin mədəniyyətinə dağıdıcı təsirlərindən bəhs edir. Su səthinin 95 faizini itirmiş Urmiya gölünün quruma problemi təkcə bu bölgə üçün deyil, bütün dünya üçün vacib ekoloji və sosial məsələdir. 

Sənədli filmin bu qədər maraq doğuracağı və “Smaraqdni” Ekoloji Film Festivalında nümayiş olunacağı CBC telekanalı üçün də gözlənilməz olub. 

Əlavə məlumat üçün bildirək ki, “Unikal” film festivalı artıq 17 ildir keçirilir. Dünya ekofəallarını bir araya gətirən tədbirdə nümayiş olunan filmlər ekoloji maarifləndirməni artırmaq və ekovandalizmin qarşısını almaq məqsədi daşıyır. Festival 25-29 sentyabr tarixlərində Xorvatiyanın Duqa-Resa şəhərində keçiriləcək.

Sənədli filmi bu linkə keçid edərək izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=JoqCLbb93ug

Anar ƏLİ, 
XQ

Mədəniyyət