Macarıstanın paytaxtı Budapeşt şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyası (AYİD) tərəfindən təşkil olunan “Film gecəsi”ndə ilk qısametrajlı ortaq türk filminin premyerası keçirilib.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələri təmsil edən tələbələr, gənclər də daxil olmaqla 50-dən çox qonaq iştirak edib.
Premyeranın əvvəlində Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyasının (AYİD) sədri vəzifəsini icra edən Fərqanə Bayramlı çıxış edərək, ortaq türk tarixi, mədəniyyəti, adət-ənənələri və dəyərlərinin təbliğində azərbaycanlı gənclərin rolundan söz açıb. Qeyd olunub ki, azərbaycanlı gənclər Azərbaycanla Macarıstan arasında mədəni əlaqələrin möhkəmləndirilməsi və inkişafında yaxından iştirak edirlər.
Tədbirin davamında azərbaycanlı həvəskar rejissor, Nazim Aqşın Musabəyli tərəfindən çəkilmiş ilk qısametrajlı ortaq türk filmi sayılan “Ən ağır sınaq” adlı ekran əsəri də daxil olmaqla, ümumilikdə 6 filmin nümayişi baş tutub. Həmin filmlərin qəhrəmanları Azərbaycan, Türkiyə, Qırğızıstan, Türkmənistan, Qazaxıstan və Macarıstandandırlar.
Filmlərdə qürbətdə yaşayan azərbaycanlı gənclərin başına gələn hadisələrdən bəhs olunur. “İtalyansayağı qonşu” və onun davamı olan “İtalyansayağı qonşu 2: Federikonun qayıdışı” filmlərində özünü italiyalı kimi qələmə verən Fəxrəddinin başına gələn gülməli hadisələr, “Psix hansımızıq?” filmində isə ukraynalı qıza vurulmuş azərbaycanlı oğlanın sərgüzəştləri yer alıb.
Qonaqlar tərəfindən ən çox diqqəti cəlb edən isə “Seçimlər, dəxi sonuclar”, “Ən ağır sınaq” filmləri olub. “Seçimlər, dəxi sonuclar” filmində Budapeştdə yaşayan qazaxıstanlı bir xanımla onun yanına qonaq gəlmiş azərbaycanlı bir gəncin timsalında insanların seçimlərinin onların həyatına böyük təsirindən bəhs edilib.
Tədbir yaradıcı heyətin səhnəyə dəvət olunması, qonaqları maraqlandıran sualların cavablandırılması, ardınca isə musiqili proqramla yekunlaşıb.