Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Azərbaycan və Türkiyə kuklaçılarını bir araya gətirən sənət bayramı - III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalının açılış mərasimi baş tutdu. Azərbaycan və Türkiyənin Kukla Teatrlarının sənətçiləri milli kukla və uşaq tamaşaları nümayiş etdirdilər.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dairə rəhbəri və layihənin koordinatoru Sənəm Əlixan festival barədə XQ-ya verdiyi açıqlmasında bildirdi ki, ənənəvi beynəlxalq festivalın açılışı Türkiyənin kuklaçı sənətkarlarının iştirakı ilə aprelin 22-də paytaxt Ankara şəhərində olmuşdur: - II festivala əcnəbi ölkələrdən sənətçilər qatılmışdılar. III festival isə sənətçilərimizlə birlikdə Ankarada və İstanbulda davam etdi. İndi isə qardaş Azərbaycana qonaq gəlmişik. Festivalın bağlanışı da burada baş tutacaq. Bildiyimiz kimi, 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd olunur. 1920-ci il aprelin 23-ü Türkiyənin Birinci Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyini elan etdiyi tarixdir. Atatürk bu bayramı uşaqlarımıza əmanət etmişdir. Azərbaycanlı qardaşlarımızın bizimlə bir yerdə bu bayramı qeyd etməsi, tamaşa göstərməsi və bizim də onlarla birgə bu festivala qatılmağımız bizim üçün çox dəyərlidir. Bundan sonra da bir yerdə layihələr təşkil edəcəyik. Bizim var olmamız və gələcəyimiz bu uşaqlardan asılıdır. Türk dövlətlərinin hər zaman var olması və sonsuza qədər yaşamaları üçün bu cür sənətsevər uşaqlar yetişdirsək gələcəyimiz də gözəl olar.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO-nun Türkiyə Milli Komissiyası, Türk İşbirliyi və Koordinasiya Agentliyi Rəhbərliyinin (TİKA) dəstək verdiyi sənət festivalının təşkilində məqsəd kuklaçıları bir araya gətirməklə onların milli kukla teatrı və oyunları ənənələrini dünya miqyasında təbliğ etmək və yeni müştərək layihələrin reallaşmasına zəmin yaratmaqdır.
Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrı təmsilçiləri də hər iki şəhərdə çıxışlar ediblər. Yaradıcı heyət qardaş ölkə tamaşaçıları qarşısında repertuarlarındakı iki maraqlı nümunə - “Müsyö Jordan və Dərviş Məstəli şah” marionet (M. F. Axundzadə) və “Məlikməmməd” tamaşaları ilə çıxış ediblər.
Fidan SALMANOVA,
Elşən AĞALAR (foto),
XQ