Əmman şəhərində yerləşən İordaniya Muzeyində Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyi, sözügedən muzeyin, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) təşkilatçılığı və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə çap edilmiş “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” adlı albom-kitabın təqdimatı olub.
Səfirlikdən bildirilib ki, tədbirdə çıxış edən İordaniya Muzeyinin baş direktoru İhab Amarin və Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov indiyə qədər ingilis, fransız və ispan dillərində nəşr edilmiş kitab-albomun dünyanın bir sıra ölkələrinin ictimaiyyəti arasında Qafqazın mədəniyyət mərkəzlərindən biri Şuşanın və qədim tarixi olan Azərbaycanın mədəni irsi haqqında geniş məlumatın və təsəvvürlərin formalaşmasında əhəmiyyətli rol oynadığını nəzərə çatdırıblar.
Səfir Eldar Səlimov kitaba daxil edilən materialların Gürcüstan Milli Muzeyinin arxivlərində 100 ildən artıq qapalı saxlandığını, yalnız bir neçə il əvvəl təsadüfən aşkar olunduğunu və onların Qarabağın məhz Azərbaycan mədəni kimliyinə aid olduğunu sübut etdiyini vurğulayıb.
Müzakirələr əsnasında çıxış edən ABİA-nın idarə heyətinin sədri Elçin Əsgərov, İordaniya Universitetinin professoru, tarixçi Məhəmməd Vahib, iordaniyalı yazıçı və tarixçi Məhəmməd İsa Əl Udvan alban mədəniyyətinə aid olan mədəni artefaktların süni şəkildə erməniləşdirilməsi faktlarını diqqətə çatdırıb, Rusiya imperiyası dövründə toplanmış və bu gün Gürcüstanda qorunan etnoqrafik materialların Qarabağın Azərbaycan milli mədəniyyətinin mühüm mərkəzlərindən biri olmasını nümayiş etdirdiyini xüsusi vurğulayıblar.
ABİA-nın sədri Elçin Əsgərov 1828-ci ildə Azərbaycanın Rusiya ilə İran arasında bölünməsindən sonra Qarabağ ərazisinə ermənilərin kütləvi şəkildə köçürülməsindən bəhs edib. O əlavə edib ki, kitaba arxivlərdən tapılmış minlərlə yeni material və artefaktlardan yalnız 300-ə yaxını, mövzunu hərtərəfli əhatə edə biləcək materiallar haqda məlumatlar daxil edilib. Bu materiallar Qarabağ regionunun tarixi və mədəniyyəti haqqında məlumatları əks etdirir. Eyni zamanda, həmin materiallar bu gün Azərbaycanda mövcud olan dinlərarası və mədəniyyətlərarası tolerantlıq və əməkdaşlığın o dövrlərdə də Azərbaycan xalqına xas dəyər olduğunu göstərir”.
E.Əsgərov 30 ilə yaxın davam edən erməni işğalı dövründə Qarabağ ərazisində Ermənistan tərəfindən Azərbaycan mədəni və dini irsinin məhv edildiyini diqqətə çatdırıb.
Tədbirin sonunda “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” kitabı tədbir iştirakçılarına hədiyyə edilib, eləcə də fotosərgi ilə tanışlıq olub. Kitabxananın foyesində təşkil olunan fotosərgidə Gürcüstan Milli Muzeyinin kolleksiyalarında qorunan, paytaxtı Şuşa şəhəri olan Qarabağ xanlığına (1747-1822) aid artefaktların rəsmləri nümayiş etdirilib.