Özbəkistanda Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Beynəlxalq ana dili günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin prorektoru Barno Abdullayeva bütün dünyada qeyd olunan Beynəlxalq ana dili gününün tarixi barədə məlumat verib, bu əlamətdar günün Özbəkistanda da yüksək səviyyədə qeyd edildiyini vurğulayıb. O, Özbəkistanda ana dilinə olan dövlət qayğısından danışıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ana dilinin hər bir xalqın, millətin varlığı, kimliyi və ən böyük mənəvi sərvətlərindən biri olduğunu vurğulayıb. Dünyanın ən qədim, zəngin və gözəl dillərindən biri olan Azərbaycan dilinin də müasir dövrdə türk dilləri arasında aparıcı, sevilən bir dil olduğunu vurğulayan Samir Abbasov Azərbaycan dilinin inkişafına dair Prezident İlham Əliyev tərəfindən Dövlət Proqramının qəbul edildiyini bildirib. Direktor ana dilimizin təbliği və tədrisi sahəsində AMM tərəfindən Özbəkistanda həyata keçirilən layihələrdən danışıb. S. Abbasov deyib ki, Özbəkistanın iki ali təhsil məktəbində artıq bir ildən çoxdur ki, Azərbaycan dili tədris edilir.
Universitetin Azərbaycan dili müəllimi Mətanət Xudiyeva Özbəkistan ali məktəblərində Azərbaycan dilinin tədrisinin böyük tarixi hadisə olduğunu bildirib və tədrisin təşkilinə görə AMM-yə dərin təşəkkürünü bildirib.
Universitetin Xarici dillər kafedrasının müdiri Şahzoda Abdullayeva müasir dövrdə əcnəbi dillərə böyük maraq olmasına baxmayaraq hər bir şəxsin öz ana dilini mükəmməl bilməsinin və gənc nəslin ana dilinə sevgi ilə böyüməsinin vacibliyini vurğulayıb.
Tədbirin bədii hissəsində universitet tələbələri tərəfindən Azərbaycan və özbək dillərində şeirlər səsləndirilib. AMM nəzdində fəaliyyət göstərən Kövkəb Əliyeva adına “Azərbaycan” rəqs ansamblının çıxışı maraqla qarşılanıb.Universitetin özfəaliyyət dərnəklərinin üzvləri dünyanın müxtəlif xalqlarına aid milli rəqslər, musiqilər ifa ediblər.
Tədbirin sonunda universitetin ictimai həyatında göstərmiş olduqları fəaliyyətə görə bir qrup tələbəyə fəxri diplomlar təqdim olunub.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Daşkənd