İmanəliyev Kayrat Oljobaeviç: “Türk dünyası dövlətləri içərisində Azərbaycan teatrları daha öndədir”

post-img

Qırğız xalqı Azərbaycan mədəniyyətini və ədəbiyyatını şox sevir. “Kitab-i Dədə Qorqud” dastanı bizi birləşdirən bir əsərdir. Bu sözləri Qırğızıstan Respublikasının Xalq yazıçısı, dramaturq və ictimai xadim İmanəliyev Kayrat Oljobaeviç  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunmuş yaradıcılıq gecəsində deyib: - Qırğız xalqı Xalq yazıçısı Anar, Bəxtiyar Vahabzadə, həmçinin Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov, Qara Qarayev, musiqiçilərdən Polad Bülbüloğlunu çox yaxşı tanıyır, mahnılarını dinləyir və sərlərini oxuyur. Yazıçı Anarın qırğız dilinə tərcümə olunmuş əsərlərini çox yaxşı bilir. Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovla Anarın yaxın dostluq əlaqələri olub. Qeyd edim ki, Çingiz Aytmatov Anarın kitablarına ön söz də yazıb. Tariximiz, mədəniyyətimiz, dilimiz və dinimiz birdir. Her birimiz türkdilli dövlətlərik. 

Azərbaycan xalqı bizim qardaş xalqımızdır deyən dramaturq türk dünyası teatrı və burada oynanılan tamaşalardan da söz açdı: - Ortaq mirasımız olan Dədə-Qorqud dastanı Qırğızıstan Dövlət Teatrında da tamaşaya qoyulub. Bu tamaşanın müəllifi özüməm. 2016-cı ildə isə Qarabağ savaşına həsr olunan “Ana ümidi” adlı yeni melodramamı qələmə aldım. Bu əsər bütün türk dünyası analarının ürəyinin birgə döyündüyünü göstərir. Çox istərdim ki, yazdığım bu dram əsəri Azərbaycan dilinə tərcümə olunsun və Azərbaycan teatr səhnəsində tamaşaya qoyulsun. 2023-cü ildə Azərbaycan teatr səhnəsində türk dünyası teatrlarının tamaşaları oynanıldı. Azərbaycan yazıçılarının əsərləri göstərildi. Həmin ildə Qırğızıstanda millətlərarası teatr festivalı keçirildi. Azərbaycandan iki teatr bura dəvət olunmuşdu. Şəki Dövlət Dram Teatrı “Ana tarla”, Akademik Dövlət Dram teatrı isə “Manqurt” tamaşası ilə festivalda iştirak edirdilər. Türk Dünyası dövlətləri içərisində Azərbaycan teatrları daha öndədir.

Fidan SALMANOVA

XQ

Mədəniyyət