Daşkənddə “Heydər Əliyev: həyatın 100 anı” kitabının təqdimatı olub

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti (ÖADC) Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Emil Nəsirlinin Bakıda rus dilində nəfis tərtibatla çap olunan“Heydər Əliyev: həyatın 100 anı” kitabının təqdimatını keçirib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, Özbəkistanın elm və mədəniyyət xadimləri, universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

ÖADC-nin icraçı direktoru, professor  Erkin Nuriddinov təqdimat mərasimini açıq elan edərək Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, onu türk dünyasının dostu adlandırıb. 

Universitetin rektoru, professor Abduqappor Kırqızbayev Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin yüksək səviyyəyə çatmasında Heydər Əliyevin xidmətlərindən danışıb, kitabın əhəmiyyəti haqqında məlumat verib.

Azərbaycanın özbəkistandakı səfiri Hüseyn Quliyev Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışaraq deyib ki, ulu öndər Heydər Əliyevin adı təkcə Azərbaycanda deyil, bir çox ölkədə hörmətlə yad olunur. Diplomat vurğulayıb ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışdığı müddətdə ölkəmizin inkişafı istiqamətində göstərdiyi xüsusi xidmətlər heç zaman unudulmayacaq. Səfir kitabın əhəmiyyəti haqqında məlumat verib, toplunun qiymətli mənbə olduğunu vurğulayıb.

Professor Niqina Şermuxammedova, yazıçı İsmat Kuçiyev, Özbəkistan Mədəniyyət və Mərifət Mərkəzinin əməkdaşı Cəmilə Şermuxamedova və başqaları ümummilli lider Heydər Əliyevi dünya şöhrətli siyasi xadim kimi qiymətləndiriblər.

Kitabın müəllifi, “Azərbaycanım” Beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli kitab üzərindəki işindən danışıb. 

Tədbirin sonunda  Hüseyn Quliyevə “Azərbaycanım” beynəlxalq jurnalının xüsusi mükafatı təqdim edilibb.
Sonra qonaqlara hədiyyələr və diplomlar verilib.

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       

 











Mədəniyyət