Tut ağacına söylənən etiraf…

post-img

Bir yandan boşalıb, bir yandan dolan dünya öz köhnə vərdişləri ilə heç nəyə məhəl qoymadan “sadiq yoluna” davam etdi, üstəlik də elə ağrısız-acısız göründü ki, acı bir həqiqəti həmən qəbul etməli olduq: həyat həmişə olduğu kimi  ölümlüdür. Bu gerçək isə heç nəyi dəyişmədi və Aygün Bəylərin vaxtsız köcü  hər kəsi sarsıltdı və hər kəsin ağlından keçənlər bəs edir ki, yüzlərcə səbəbdən danışasan: yeri dolmayacaq, körpə övladı qaldı, belə səs gəlməyəcək, bir gün görmədi, çətin həyat yaşadı... Hansını deyəsən?! 

Min ilin, yüz ilin cavabı olmayan suallarından bir anlıq da olsa  qurtulmaq üçün dəyərli dostumuz, Azərbaycan Universitetinin prorektoru Yusif Qasımovun redaksiyamıza ünvanladığı iki həmkarının sosial şəbəkələrdə yayınlanmış fikirlərini oxucularımızla da bölüşmək istədik, həm də bir təskinlik kimi...

Aygün Bəylərin xatirəsinə

Vida mərasimində artıq deyilmiş həqiqəti bir daha ifadə etmək günah yox savabdır. Hər bir nəğmənin üç yaradıcısı olur - sözlərini yazan şair, melodiyasını nizamlayan bəstəkar və ifa edən müğənni. "Tut ağacı" həm sözləri, həm melodiyası, həm də ilk ifaçısı baxımından şedevrdir! Özü də şairin səmimi sözlərinə mərhəmlik verən, hər bir insan üçün özünəməxsus şəkildə fərdiləşən musiqi və ruhi qısaqapanma yolu ilə dinləyicinin ürəyinə yol tapan ifa.

 Bu üç nəfərin əl-ələ, könül-könülə verib yaratdıqları nəğmənin sözləri də, bəstəsi də möcüzədir. Əgər "Tut ağacı"nın kulminasiyası onun ifasındadır" desəm, nə şair (Zakirə Allahverdiyeva), nə də bəstəkar (Aygün Səmədzadə) məndən inciməz. Özü də bu gündə. Aygün özünün "Tut ağacı"nı oxuyurdu/oxuyur. Lakin səbəbini axıra kimi dəqiqləşdirə bilmədiyim möcüzə ilə mənim - İkinci Dünya Savaşının qurtarar-qutarmazında balaca Qorxmazın - həqiqətlərini də canlandırır.

 Bəlkə elə möcüzə Bakı kəndlərinin küçələrinə ehsan kimi əkilən, bütün yoldan keçənlərə öz nemətini təklif edən tut ağaclarındadır?! Son illərdə kəndlərimizdə bitki xərçənginə  (zəhrimara!) yoluxmuş xeyli möhtəşəm və xeyirxah tut ağacı məhv oldu, Aygün həmin ağacların taleyini yaşadı. Lakin insanlar yeni ağaclar əkdilər: artıq onların meyvəsini dadmaq mümkündür.. Bu məndə nikbin ovqat yaradır - Aygünün nəğməsini də onun dünyasını dəyişməsi ilə məhv emək mümkün deyil, onun möcüzəsi illər sonra da fidan-fidan könülləri oxşayacaq. Varlığım qədər əminəm.

Allah rəhmət eləsin.

Qorxmaz Quliyev,

Azərbaycan Universitetinin professoru

 

Dəyərli Qorxmaz müəllim,

Aygün Bəylərin vaxtsız vəfatı münasibəti ilə qələmə aldığıñız bu yazı bir nekroloqdan daha ötə, bir essedən daha dərin, bir memuardan daha mükəmməldir...

Təsvirlərinizdəki canlılıq, səmimilik, görsəl çarpıcılıq son dərəcə qeyri-adi və səmimidir. Yazınızı oxuduqca “Bizim Cəbiş müəllim”,  “Şərikli Çörək”... filmləri gözümdə  canlandı, canlandı…

Nazim Muradov,

Şimali Kipr Türk Cümhuriyyəti.

“Biri vardı, biri yox idi” söyləyənlərin nələrisə anlatmaq və kimlərisə “aldatmaq” istəyi həmişə var olacaq. Bir də Aygünün “Tut Ağacı”ndan sonra kim dana bilər ki, bu milyonlarla narahat qəlbin etiraf sədasıdır?! “Aman yerim, güman yerim, tut ağacım. De, köksünə neçə dağ çəkmişəm? Neçə körpə budağını mən əzmişəm?” Doğrudan da insan oğlunun bundan da böyük etirafları olacaqmı?! Bir ağac budağına söylənən ağı olsa belə…

XQ

 

Mədəniyyət