Ulu öndərin “Qələbəyə aparan yol”u

post-img

Bu adla işıq üzü görmüş yeni kitab Ümummilli lider, dünya şöhrətli siyasətçi və dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin banisi,Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. “Heydər Əliyev ili” çərçivəsində nəşr olunan əsərdə yaxın tariximizdə düşmən qüvvələrin və onların nankor əlaltılarının xalqımıza qarşı törətdikləri müsibətlərdən və onlardan qurtuluş yollarından bəhs olunur. 

Müəllif öncə şəxsiyyətlərin tarixdəki rolunu fəlsəfi-politoloji kontekstdə izah etməyə çalışmış və Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti timsalında buna nail olmuşdur.  Heydər Əliyev mənəvi-siyasi irsinin varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yaşadığı yeni tarixi mərhələ barədə fikirlər də nəşrdə böyük maraq doğurur və reallığı tam əks etdirir. Kitab müəlliifi Hüseyn Əlixanov Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə hüquq-mühafizə orqanlarında çalışmışdır. Əsərdə ölkədə həmin vaxtlar cərəyan edən hadisələr və ayrı-ayrı cinayət işləri üzrə istintaq-əməliyyat fəaliyyətinə dair faktiki epizodlar da öz əksini tapıb. 

Kitabda Prezident Heydər Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətindəki fəaliyyəti, 2003-cü ildən sonra ölkə başçısı  İlham Əliyevin bu yolu uğurla davam etdirməsi ilə bağlı məqamlara açıqlıq gətirilir: “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin müqəddəs vəsiyyətini ölkə həyatının bütün sahələri ilə yanaşı, həm diplomatiya sahəsində, həm də döyüş meydanında yerinə yetirdi. Yenilməz mərdlik və sücaət nümayiş etdirməklə, Azərbaycan Ordusunun fədakarlığı və igidliyi sayəsində işğal altında olan ərazilərimizi  erməni faşistlərindən azad etdi.” 

Kitabda ölkə başçısı İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Meriban Əliyevanın yüksək tribunalardan Azərbaycan həqiqətlərini dünyaya çatdırması, azad olunmuş ərazilərdə dağıdılmış tarixi-mədəni abidələrimizin bərpası istiqamətindəki fəaliyyəti də geniş şəkildə işıqlandırılır. 

Tariximizin son 30 illik dövrünün ictimai-siyasi mənzərəsini yaradan “Qələbəyə aparan yol” kitabını vərəqlədikcə qələbəyə gedən yolun çətinliyini görür, zəfər sevincini bizə yaşadanlara minnətdarlıq hissi duyuruq. 

Nurəngiz ADİLQIZI

Mədəniyyət