Daşkənddə türk dünyasının Kinematoqrafçılar Assosiasiyası yaradılıb

post-img

Daşkənddə TÜRKSOY-un təşəbbüsü ilə türk dünyasının Kinematoqrafçılar  Assosiasiyası (KA) yaradılıb. 

     Assosiasiyanın təsis iclasında Azərbaycan Kinematoqrafçılar Agentliyinin rəhbəri Orxan Fikrətoğlu, “Qazaxfilm” Birliyinin prezidenti Azamat Satıbaldı, Özbəkistan Kinematoqrafçılar Agentliyinin rəhbəri Firdavs Abduxalikov, Türkiyə Kinematoqrafçılar İdarəsinin baş direktoru Erkin Yılmazot, Qırğızıstan Kinematoqrafçılar Departamentinin direktoru Akjol Bekpolatov və TÜRKSOY-un nümayəndəsi Salim Ezer iştirak ediblər. 

     Orada deyilib ki, Assosiasiya türk dünyası kino sənətinin dirçəldilməsi, birgə layihələrin həyata keçirilməsi, yeni filmlərin istehsalı, ən yaxşı filmlərin beynəlxalq tədbirlərə çıxarılması, türk dövlətlərinin birgə kinoprokat sisteminin yaradılması və digər məsələlərin həllini nəzərdə tutur. 

     Bildirilib ki, gələcəkdə türk dünyasının Kino Akademiyasının yaradılması da planlaşdırılır. 

     Qeyd olunub ki, əsas prioritetlərdən biri də Daşkənd Beynəlxalq Kinofestivalını və Beynəlxalq “Qorqud Ata” kinofestivalını dünya standartları səviyyəsinə qaldırmaqdır. 

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       

 

 



Mədəniyyət