Azərbaycan Milli Xalça Muzeyində “Xəttin şifrəsi” kitabının təqdimatı keçirilib

post-img

Azərbaycan Milli Xalça Muzeyində muzeyin Elmi-tədqiqat və milli irsin qorunub saxlanılması şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynovun müəllifi olduğu “Xəttin şifrəsi” kitabının I cildinin təqdimatı keçirilib.

Tədbirdə ictimai xadimlər, millət vəkilləri, elm, mədəniyyət və ədəbiyyat nümayəndələri iştirak ediblər. Qonaqlar çıxış edərək müəllifin uzun illər apardığı araşdırmalar əsasında ərsəyə gətirdiyi yeni nəşrin tariximizin, milli irsimizin öyrənilməsi baxımından əvəzsiz mənbə kimi əhəmiyyətindən danışıblar.

Monoqrafiyada xalçalarda “nöqtə” və “xətt” anlayışlarından, bu həndəsi elementlərin Azərbaycan və digər türkdilli xalqların mifoloji dünyagörüşünə təsirindən bəhs olunub. Burada xalçalarla yanaşı, digər dekorativ-tətbiqi sənət nümunələrini də bəzəyən nöqtə və xətlərin yaratdığı semantik mənalar açıqlanıb. Müəllif xətt anlayışına tarixi-fəlsəfi aspektdən yanaşaraq onların rəmzi xüsusiyyətlərini göstərib. 

Qeyd edək ki, illüstrativ materiallarla zəngin olan yeni nəşr gələcək tədqiqatçılar üçün də dəyərli mənbə rolu oynayacaq.

XQ











Mədəniyyət