"Baku 2023" adlı beynəlxalq fotomüsabiqəyə yekun vurulub

post-img

"Gilavar Foto Klubu"nun təşkilatı dəstəyi ilə ardıcıl beşinci dəfə keçirilən "Baku 2023" adlı beynəlxalq fotomüsabiqənin nəticələri məlum olub. 

Fotomüsabiqə Beynəlxalq Foto Sənəti Federasiyası, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası, Amerika Fotoqraflar Cəmiyyəti, Qlobal Fotoqraflar Birliyi və Türkiyənin Sillə Sənət Sarayı foto təşkilatının xüsusi icazələri ilə keçirilib. Müsabiqəyə dünyanın 58 ölkəsindən 304 fotoqraf tərəfindən 4 min 435 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səhayət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, Türkiyə, Polşa və Serbiyadan olan 4 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.

Klubun sədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, "Baku 2023" adlı beynəlxalq fotomüsabiqə beşinci dəfədir ki, həyata keçirilir: “Bu cür beynəlxlaq foto müsabiqələri keçirtməkdə məqsədimiz həm fotoqraflarımızın nüfuzlu yarışlarda iştirakına şərait yaratmaq, həm də ölkəmizi təbliğ etməkdir. Müsabiqənin ən yaşxılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Bu dəfə 6 fotoqrafımız müsabiqədə fərqlənib. Onlardan, Nurlan Tahirli bir qızıl medal və bir diplom, Valeriy Xlızov iki bürünc medal və bir fəxri lent, Kərim Abbasov iki fəxri lent, Teymur Məmmədov, Nadejda Cavadova və Ruslan Hacızadə bir fəxri lent qazanıb. Nəticədə həmyerlilərimiz tərəfindən 3-ü medal olmaqla toplam 10 mükafat əldə olunub”.

Qeyd edək ki, "Gilavar Foto Klubu" tərəfindən hər il "Azerbaijan Photo Salon" və "Baku" adlı beynəlxalq fotomüsabiqələr təşkil edilir.

XQ



















Mədəniyyət