Yavuz Akpınar Türk Dilinə Xidmət Mükafatı ilə təltif olundu

post-img

Türkiyə Cümhuriyyətinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun ali mükafatı olan “Türk dilinə xidmət” mükafatına layiq görülənlər sırasında Türkiyənin Egey Universitetinin professoru, Türkiyə Yazarlar Birliyi, Türk Mədəniyyəti Araşdırma İnstitutunun üzvü, türk yazıçısı və görkəmli alimi Əli Yavuz Akpınar da var. Mükafat hər il mütəmadi olaraq türk dili, mədəniyyəti və ədəbiyyatı üçün  göstərdikləri xidmətlərə görə müxtəlif qurum və şəxslərə verilir.  

Ali mükafata layiq görülən Yavuz Akpınar Azərbaycanın da yaxın dostlarındandır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, BDU-nun fəxri professorudur. Hələ Sovet dövründə müasir Azərbaycan ədəbiyyatının qurucusu olan Mirzə Fətəli Axundzadə haqqında doktorluq işi müdafiə etmiş,  Azərbaycan mədəniyyətinin təbliğində gördüyü böyük işlərə görə 1989-cu ildə Dövlət Mükafatına layiq görülmüşdür. Yavuz Akpınarın Azərbaycanda  türkçülük ənənələrinin oyanış və formalaşmasında, böyük bir ədəbiyyatçılar nəslinin yetişməsində əvəzsiz xidmətləri və zəhməti olmuşdur.

Bakıda Qulam Məmmədli, Həmid Araslı, Mirzağa Quluzadə, Rəsul Rza, Abbas Zamanov, Kamal Talıbzadə, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Aqşin Babayev, Elçin, Anar, İsa Həbibbəyli, Kamil Vəliyev, Rəfael Hüseynov, Əsgər Rəsulov, Vilayət Quliyev, Sabir Rüstemxanlı, Moskvada Əkbər Babayev və başqaları ilə dərin dostluq əlaqələri olan Yavuz Akpınarın Azərbaycan ədəbiyyatının qardaş Türkiyədə tanıdılmasında müstəsna xidmətləri var. Azərbaycan Türk Mədəniyyətini Tanıtma Dərnəyinin prezidenti mərhum  İbrahim Bozyellə nəşr etdikləri  "Qardaş ədəbiyyatlar" jurnalının Türkiyədə  Azərbaycan,  özbək, türkmən, tatar ədəbiyyatının tanıdılmasında əvəzsiz rolu oldu.  Alimin şəxsi arxivində  Azərbaycan ziyalılarına aid yüzlərlə məktub saxlanılır. Akademik İsa Həbibbəyli onu "Azərbaycan ədəbiyyatının Türkiyədə baş konsulu",  Vilayət Quliyev  “Ümumtürk mədəniyyətinə yorulmaz, təmənnasız xidmətini haqq yolu"na xidmət kimi dəyərləndirmişdir. 

Görkəmli alim Azərbaycan ədəbiyyatını təkcə Türkiyədə, türk dünyasında deyil, uzaq ABŞ-da da uğurla təbliğ edən alimlərdən olmuşdur.  1992-1993-cü illərdə Miçiqan Universitetində türkologiya sahəsində qonaq mühazirəçi kimi çalışdığı illərdə “Amerikanın səsi” radiosunun Azərbaycan xidməti ilə əməkdaşlıq etmiş,   davamlı olaraq ədəbiyyat və mədəniyyətimizlə bağlı müəllif proqramının müəllifi və aparıcısı olmuşdur. 

Dəfələrlə qəzetimizin qonağı olan fədəkar alim və dəyərli dostumuz professor Yavuz Akpınarı aldığı ali mükafat münasibəti ilə təbrik edir, can sağlığı, fəaliyyətində uğurlar arzulayırıq.

Qeyd: Bu il Azərbaycan Milli Elmlər Akademiyası da  Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun ali mükafatını alanlar sırasında olub. Mükafat akademiyanın prezidenti, akademik İsa Həbibbəyliyə təqdim olunub. Bu  AMEA-nın müstəqillik illərində təltif olunduğu ilk beynəlxalq mükafatdır. 

XQ

 



Mədəniyyət