Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” başa çatıb. Üç gün davam edən forumda müvafiq dövlət qurumlarının rəhbərləri və yaradıcı sektor təmsilçilərinin iştirakı ilə ayrı-ayrı sahələr üzrə yaradıcı sənayelərə dair panel sessiyalar keçirilib.
Forum çərçivəsində “Türk dünyası animasiya şəbəkəsinin qurulması”, “Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” və digər mövzularda dəyirmi masalar da təşkil olunub. Həmçinin “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi də təşkil edilib. Tədbirlər ərəfəsində “Mədəniyyət sahəsində innovasiyalar: qabaqcıl texnologiyalar, süni zəka, oyun texnologiyaları” adlı panel sessiya təşkil edilib. Panelin moderatoru İtaliyanın "CultTech akselerator" layihəsinin nümayəndəsi Marino Pasquale olub. Paneldə startapçıların mədəniyyət sahəsinə kütləvi girişinin təmin edilməsi, yeni iqtisadi modellərin inkişaf etdirilməsi, insanların etmək istədikləri yeniliklər barədə fikirlərini və ideyalarını bölüşmələri, süni intellekt və texnologiyanın gücü ilə insanların həyatının asanlaşdırılması və yeni texnologiya imkanlarından səmərəli istifadə mövzusunda müzakirələr təşkil olunub.
“Rəqəmsal dövrdə rəqabətqabiliyyətli audiovizual sahənin formalaşdırılması” mövzusunda animasiya sahəsində görülən işlər, blogerlərin bilik və təcrübələrini dünya auditoriyası ilə bölüşmək, qısametrajlı film layihələrinin inkişafına dair maarifləndirici proqramların yaradılması, müxtəlif tədbirlərin təşkili, sosial şəbəkələr vasitəsilə yaradıcı məhsulların və xidmətlərin satışını təşkil etmək və digər mövzularda fikir mübadiləsi aparılıb. Panel sessiyada iştirakçıları maraqlandıran suallar cavanlabdırılıb.
Forumun son günündə isə sonuncu panel sessiyası gerçəkləşib. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədovanın moderatorluğu ilə keçirilən panel "Mədəniyyət və yaradıcı sənayelər Milli Prioritet kimi" mövzusuna həsr olunub.Tədbirdə Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda mədəni yaradıcı sənayenin inkişaf etdirilməsi, onun ÜDM-də payının artırılması kimi məsələlər də əksini tapıb. Strategiyada nəzərdə tutulan hədəflərə çatmaq üçün nazirlikdə yaradıcı sənayelər üzrə işçi qrupu formalaşdırılıb.
Qrupun dəstəklənməsi üçün digər dövlət qurumları tərəfindən nümayəndələr müəyyən edilib. İl ərzində 5 yerli təhsil proqramına start verilib və bu məqsədlə edu.creative.az informasiya resursu yaradılıb. Hazırda yaradıcı təhsil üzrə təqaüd proqramı və yerli sənaye subyektlərinin elektron kataloqu hazırlanır. Həyata keçirilən tədbirlər əsasən yeni yaradıcı məhsulların hazırlanmasına yönəlib. Başlıca məqsəd ölkədə sənaye zəncirinin reallaşmasına şərait yaratmaq, yaradıcı sənaye məhsullarının regional və beynəlxalq müstəviyə çıxmasına nail olmaqdan ibarətdir. Forumda həmçinin yaradıcı sənayedə əqli mülkiyyətin rolu, bu sahənin idarə edilməsi barədə fikirlər səsləndirilib. Qeyd olunub ki, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə başlaması, sektorun ixrac potensialının artırılması, kreativ məhsulların ölkə xaricinə çıxarılması üçün lazımi köməklik göstərilir. Bu prosesdə davamlı inkişaf üçün dövlət və özəl əməkdaşlığı əhəmiyyətlidir. Panel sessiyada iştirakçıları maraqlandıran suallar cavablandırılıb, səsləndirilən təkliflər barədə fikir mübadiləsi aparılıb.
“Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” (MY EXPO 2023) açılıb. Forum müddətində nümayiş olunan sərgidə yaradıcı sənaye nümayəndələrinin iştirakı ilə kreativ məhsullar təqdim olunub. Sərgi kino, animasiya, musiqi, oyun texnologiyaları, dəb, dizayn kimi yaradıcı sahələri, həmçinin yaradıcı məkan və regionları da bir araya gətirib.
“Yaradıcı həftə” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 10 yaradıcı sahə üzrə Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Şamaxı və Şuşada ümumilikdə 100 tədbirin keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” dünən başa çatıb.
Fidan SALMANOVA
XQ