Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı davam edir

post-img

Paytaxtımızda oktyabrın 31-dən başlayan I Beynəlxalq TÜRKSOY Teatr Festivalı davam edir. Festival  4 noyabradək davam edəcək. 

Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında festivalın açılış mərasimi baş tutub. Mərasimində Türk dünyasından teatr sənətinin təmsilçiləri iştirak ediblər.

Tədbir iştirakçıları tərəfindən əvvəlcə Fəxri xiyabanda mədəniyyətimizin böyük himayədarı olmuş Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunub, məzarın önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib. 

Sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında mətbuat konfransı keçirilib.

Mərasimdə açılış nitqi ilə çıxış edən Azərbaycanın Respublikasının mədəniyyət naziri Adil Kərimli Türk dünyasının səhnə, sənət təmsilçilərini bir araya gətirən festival münasibətilə hər kəsi təbrik etdi, sənət şöləninin işinə uğurlar arzuladı.

Nazir dedi ki, festival Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, peşəkar milli teatrımızın yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşir. TÜRKSOY-un xətti ilə ilk dəfə keçirilən festival qardaş ölkələr arasında teatr əlaqələrinin inkişafına, yaradıcılıq mübadiləsinin genişlənməsinə zəmin yaradacaq.

TÜRKSOY-un baş katibi Sultan Raev Türk dünyasında ilk peşəkar teatrın 150 il öncə məhz Azərbaycanda yarandığını diqqətə çatdırdı. Baş katib teatrımızın əsr yarımlıq sənət yolu haqqında söz açdı, hazırda bu sahənin inkişafına öz töhfəsini verən sənət adamlarını təbrik etdi, yeni yaradıcılıq uğurları arzuladı.

İlk festivalın Bakıda keçirilməsinin təsadüfi olmadığını vurğulayan Sultan Raev layihənin Türk dünyasında yeni yaradıcılıq axtarışlarına təkan verəcəyinə əminliyini bildirdi.

Çıxışlardan sonra festivalın müsabiqə proqramına daxil olan ilk səhnə əsəri – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Qarabağnamə” tamaşası təqdim edildi.

Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.

XVIII əsrdə Qarabağ xanlığının mərkəzi Şuşada baş vermiş tarixi hadisələrdən bəhs edən tamaşa izləyicilər tərəfindən maraqla qarşılandı.

XQ

 







Mədəniyyət