Ölməz sənətkara ümumxalq sevgisi

post-img

ÜZEYİR HACIBƏYLİ – 138 

Böyük bəstəkar, maarifçi, jurnalist, elm və mədəniyyətimizdə bir çox ilklərə imza atmış Üzeyir bəy Hacıbəylinin doğum gününə həsr olunan tədbirlər davam edir. Ənənəvi Musiqi Günü, Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı, ayrı-ayrı ölkələrdə və Azərbaycanın müxtəlif guşələrində keçirilən çeşidli tədbirlər bu qəbildəndir. 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən “Bəşər mədəniyyətinin incisi – Azərbaycan musiqisi” adlı tədbir, sözün əsl mənasında ürəkləri oxşayıb. 

İştirakçılar mərkəzin foyesində təşkil edilmiş “Qafqazın konservatoriyası – azad Şuşa” və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan foto və nəşrlərdən ibarət sərgi ilə tanış olublar. Musiqi bayramında Ümummilli liderin Üzeyir Hacıbəylinin milli mədəniyyətimizə verdiyi töhfələrə dair fikirləri, dahi bəstəkarın yaradıcılığı və Prezident İlham Əliyevin iştirakı ilə Şuşada keçirilən tədbirlər, “Xarıbülbül” festivalına dair videomaterial nümayiş etdirilib. Qeyd olunub ki, Azərbaycan musiqisi sərhədləri aşaraq dünyada tanınır, sevilərək ifa olunur.

***

Bakı Dövlət Universitetinin Mədəniyyət–Yaradıcılıq Mərkəzi Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Musiqi Günü münasibətilə maraqlı ədəbi-bədii kompozisiya hazırlayıb.

Kompozisiyada bəstəkarın “Aşıq Cünun” havası, “Arşın mal alan” operasından “Aşiq oldum” ariyası, “Leyli və Məcnun” operasından görüş səhnəsi, “Qaragöz” musiqisi, “Koroğlu” uvertürası təqdim olunub.

***

Bakı metropoliteni ənənəyə sadiq qalaraq, sərnişinlərinə xoş ovqat bəxş edəcək konsert proqramı təşkil edib. 

Rəngarəng musiqi çələngi “İçərişəhər” stansiyasında başlanıb. Proqrama milli muğam üçlüyü və simli kvartetin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri, folklor nümunələri daxil edilib. Daha sonra konsert “Sahil”, “28 May” və “Elmlər Akademiyası” stansiyalarında davam etdirilib.

***

Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində Ağdam Musiqi Kollecinin təşkilatçılığı ilə konsert proqramı təşkil olunub.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov və kollecin direktoru, Əməkdar artist Fehruz Səxavət dahi bəstəkarın zəngin həyat və yaradıcılığından bəhs edib, milli Azərbaycan musiqisinin inkişafında Üzeyir Hacıbəyli məktəbinin rolunu xüsusilə vurğulayıblar. 

Tədbir Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə kollecin müəllim və tələbələrinin ifasında konsert proqramı ilə davam edib. Təqdim olunan rəngarəng musiqi nümunələri maraqla qarşılanıb.

***

Qəbələ regional “ASAN xidmət” mərkəzinin təşkilatçılığı, Qəbələ Rayon Uşaq İncəsənət Məktəbinin və rayon Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə konsert təşkil olunub.

Tədbirdə Üzeyir Hacıbəylinin Azərbaycan milli musiqisinin inkişafındakı xidmətlərindən bəhs edilib. Sonra könüllülərin ifasında milli rəqslər ifa olunub, eyni zamanda Üzeyir Hacıbəylinin və digər bəstəkarların əsərlərindən ibarət klassik Azərbaycan musiqiləri səsləndirilib.

***

Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbində Milli Musiqi Gününə həsr olunan tədbir də yaddaqalan olub. 

Məktəbin direktoru Vüsal Zamanov dövlətimizin milli mədəniyyətə, xüsusilə musiqiyə göstərdiyi qayğıdan danışıb. Həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından, Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi əvəzolunmaz işlərdən bəhs olunub.

Tədbirin bədii hissəsində Heydər Əliyev Mərkəzi, Elm və Təhsil, Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən I Uşaq İncəsənət Festivalının finalçıları və beynəlxalq müsabiqə laureatlarının ifasında musiqi nömrələri səslənib.

Ə.DOSTƏLİ 
XQ

 



Mədəniyyət