Ulu öndərin Üzeyir bəy dühasına sonsuz məhəbbəti

post-img

Azərbaycan mədəniyyətinin yorulmaz himayədarı olan ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə bu sahənin inkişafını mühüm vəzifə saymış və diqqətdə saxlamışdır. Ulu öndərin bu barədə söylədiyi qanadlı fikirlər mədəniyyət sahəsində çalışan hər kəsin ürəyindən xəbər verir: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. 

Xalqın böyük sərvəti olan mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaq amalı Azərbaycan dövlətçiliyində prioritet he­sab edilən məsələdir. Biz o nəsillərik ki, Heydər Əliyevlə eyni bir epoxada ya­şamaq xoşbəxtliyi qismətimizə düşüb və ümummilli liderin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğı­nın canlı şahidi olmuşuq. Həqiqətən də, mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından gen-bol bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalçaçılığımz da ulu öndərin çox dəyərli ideyalarından bəh­rələnib.

Zəngin milli mədəni irsimizə böyük məhəbbət bəsləyən və onun təbliğini vacib sayan Heydər Əliyevin mədəniy­yətimizin qızıl sütunu, Şərqdə ilk opera­nın müəllifi kimi tanınan dahi bəstəkar, musiqişünas, publisist, dramaturq, filo­sof, pedaqoq, alim, akademik, ictimai xadim Üzeyir bəy Hacıbəyliyə xüsusi sevgisi və rəğbəti vardı.

Ulu öndər dahi bəstəkarın şəxsiy­yətinə çox yüksək qiymət verib: “Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, bö­yük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sıra­sında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur”.

Ümummilli lider mədəniyyət və in­cəsənətlə, mətbuatla bağlı çıxışlarında, bir qayda olaraq, Ü.Hacıbəylinin adını çəkər, ondan sitatlar gətirərdi. Hətta, ulu öndər tərəfindən 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdiril­məsi haqqında” imzalanmış fərmanda da ana dilinin qorunmasında, tədrisin­də, inkişafında xüsusi xidmətləri olan qabaqcıl maarifçilər, ziyalılar arasında Üzeyir bəy Hacıbəylinin adı iki dəfə çə­kilmişdir. Fərmanın preambula hissəsin­də deyilir: “Ana dilinin taleyinə heç bir ziyalının laqeyd qalmadığı bu dövrdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi görkəmli söz ustaları Azərbaycan dilinin saflığı və onun yad ünsürlərdən qorunması uğrunda fəda­karcasına mübarizə aparırdılar”.

Fenomenal yaddaşı sayəsində Azərbaycan mədəniyyəti və incəsənəti tarixini dərindən bilən, onun inkişafına çalışan böyük dövlət xadimi Heydər Əliyev keçən əsrin 70-ci illərindən baş­layaraq Bakıda, həmçinin digər şəhər­lərdə görkəmli sənətkarların, dahi şəx­siyyətlərin ev-muzeylərinin açılması barədə göstərişlər vermişdir.

Böyük Üzeyir bəyin ev-muzeyinin açılması da məhz həmin dövrə təsa­düf etmişdir. Bu məbədin yaranması ümummilli liderin adı ilə bağlıdır. Doğ­rudur, bəstəkar vəfat etdikdən üç ay sonra Azərbaycan hökuməti Üzeyir bəy Hacıbəylinin adının əbədiləşdirilmə­si ilə əlaqədar, 16 fevral 1949-cu ildə xüsusi qərar qəbul etmişdir. Orada bir çox dəyərli müddəalarla yanaşı, böyük sənətkarın Şuşada və Bakıda ev-mu­zeylərinin yaradılmasına da yer ayrıl­mışdır. 1959-cu ildə Şuşada Ü.Hacıbəy­linin ev-muzeyi açılmışdır. Bakıda isə bu məsələ düz 26 il həyata keçməmiş qalmışdı. Bəzi ixtiyar sahibi olan mə­murlar deyirdilər ki, “ölülər gözləyərlər, bu məsələlər çox da vacib deyildir” və s. Ona görə də Ü.Hacıbəylinin ev-muzeyi təşkil olunmurdu.

Nəhayət, böyük öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövrün­də bu məsələ reallaşdı. Onun tapşırığı və yaxından köməyi sayəsində 1949-cu il qərarının bu maddəsinin yerinə yetiril­məsi baş tutdu. 20 noyabr 1975-ci ildə Bakıda Üzeyir bəyin 27 il (1915-1942) yaşadığı evini muzeyə çevirmək müm­kün oldu. Bu barədə Heydər Əliyev 1995-ci ilin sentyabrında dahi sənətkar Üzeyir bəy Hacıbəylinin anadan olma­sının 110 illik yubileyindəki çox dəyərli məruzəsində belə demişdir: “1975-ci ildə biz Üzeyir Hacıbəyovun 90 illik yubileyini hazırladıq, təntənə ilə həm Azərbaycanda, o vaxt imkan dairəsin­də Sovet İttifaqının həm paytaxtında, başqa respublikalarda, dünyada qeyd edə bildik. Azərbaycanda, Bakıda mə­dəniyyət xadimlərindən ilk dəfə Üzeyir Hacıbəyovun yaşadığı ev onun ev-mu­zeyinə çevrildi.

1975-ci ildə, 20 il bundan əvvəl Üze­yir Hacıbəyovun ev-muzeyi açıldı. Biz hamımız çox məmnunuq ki, bu ev-mu­zeyi 20 ildir Azərbaycan xalqının, mə­dəniyyətinin inkişafına, yüksəlməsinə xidmət edir. Yaranan gündən indiyədək bu muzeyə Üzeyir Hacıbəyovun yaxın silahdaşı Ramazan Xəlilov rəhbərlik edir, böyük xidmətlərinə görə mən onun Azərbaycanın yüksək ordeni – “Şöhrət” ordeni ilə təltif olunması haqqında fər­man imzaladım.

Ramazan Xəlilov çox xoşbəxt adam­dır. 95 yaşı var, bu gün də fəaliyyətdə­dir. O, Üzeyir Hacıbəyovla çiyin-çiyinə gedib, bizim üçün onun nişanəsidir. Ona görə də o, bizim üçün əzizdir və xoş­bəxtlik də ondan ibarətdir ki, o, bu gün də yaşayır. Güman edirəm ki, biz onun 100 illiyini də qeyd edəcəyik”.

1975-ci ildə böyük dövlət xadimi Heydər Əliyev özü şəxsən muzeyin açı­lışında iştirak etmiş və demişdir ki, mu­zey Üzeyir Hacıbəyov kimi dahi sənət­kar üçün çox darısqaldır, onu qonşu evlərin hesabına genişləndirmək lazım­dır. Ulu öndərin uzaqgörənliklə söylədiyi bu fikirlər 1985-ci ildə dahi bəstəkarın 100 illik yubileyində gerçəkləşdi. Heydər Əliyev tərəfindən direktor təyin edilmiş, Üzeyir bəyin qohumu Ramazan Xəlilo­vun yorulmaz səyi nəticəsində muzeyə bitişik binalardan on ailəyə təzə evlər verildi və onlar oradan köçürülməklə əvvəlki mənzilləri muzeyə əlavə olundu. 

Yeri gəlmişkən onu da deyək ki, sonuncu dəfə 1985-ci ildə əsaslı təmir olunmuş muzeyə 2005-ci ilə qədər əl vurulmadı. 2004-cü ilin payızında mən muzeyin direktoru vəzifəsində çalışdı­ğım zaman, Heydər Əliyev ənənələri­ni layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevə televiziya vasitəsilə müraciət etdim. Təklifim ca­vabsız qalmadı. Az sonra – 28 fevral 2005-ci ildə dövlətimizin başçısı İlham Əliyev Üzeyir bəy Hacıbəylinin ev-mu­zeyinin əsaslı təmir edilməsi ilə bağlı xüsusi sərəncam imzaladı. Ömrünün 25 ildən çoxunu bu muzeydə çalışmış bir ziyalı kimi sevinirəm ki, cənab İlham Əliyev tərəfindən həmin sərəncam im­zalandı. Vaxtilə Heydər Əliyevin yaxın­dan köməkliyi ilə təşkil edilmiş Üzeyir Hacıbəylinin ev-muzeyi məhz İlham Əli­yevin sayəsində əsaslı təmir olundu. 

Ümummilli lider Heydər Əliyev Üze­yir bəy Hacıbəyli fenomenini qiymətlən­dirə bilən əsl dövlət xadimi idi. O, mə­dəniyyətlə, incəsənətlə, hətta ədəbiyyat və publisistika ilə bağlı çıxışlarında dahi Üzeyir bəyi xatırlayır, ona istinad edir, bütün sahələrdə onun dahi olduğunu dönə-dönə vurğulayırdı.

Böyük öndərin Ü.Hacıbəylinin ana­dan olmasının 110 illik yubileyinə həsr edilmiş tədbirdə dahi sənətkar haqqında söylədiyi məruzəsi bu gün də yaddaşlar­da yaşayır. Bənzərsiz natiqlik məharəti olan Heydər Əliyev həmin məruzəsin­də Üzeyir bəyin həyat və fəaliyyətini o qədər gözəl təhlil etdi ki, tanınmış mu­siqişünas alimlər belə heyranlıqlarını gizlətmədilər. O, dahi sənətkarın həm publisistikasından, həm dramaturgi­yasından, həm pedaqoji fəaliyyətin­dən, həm alimlik məharətindən, həm Azərbaycan ictimai-siyasi həyatındakı xidmətlərindən, həm də ictimai xadim kimi gördüyü işlərdən dolğun məlumat verərək, hər kəsi valeh etdi.

Heydər Əliyev məruzədə Ü.Ha­cıbəylinin opera, operetta və digər mu­siqi əsərlərindən ətraflı bəhs edərək, onun üç hakimiyyət – çar Rusiyası dövrü, Azərbaycan Xalq Cümhuriyyəti dövrü və Azərbaycanda sovet hakimiy­yəti dövründə yaşadığını, amma bü­tün bunlara baxmayaraq, milli ruhunun heç bir təsirə məruz qalmadığını qeyd etmiş, bəstəkarın böyük vətənpərvər olduğunu xüsusi vurğulamışdır: “Üze­yir Hacıbəyovun yaradıcılığı həmişə insanları vətənpərvərliyə dəvət edir. Biz bu gün də Üzeyir bəy Hacıbəyovun xatirəsini yad ediriksə, onun yaradıcı­lığını bir daha yüksək qiymətləndiririk­sə, bu yaradıcılığın ən yüksək nöqtəsi olan vətənpərvərlik hisslərini özümüzdə daha da artırmalıyıq, daha da inkişaf etdirməliyik. Özümüzü bu hissiyyatlarla gələcəyə hazırlamalıyıq ”.

Ümummilli liderimiz Heydər Əliyev, həmçinin 1995-ci ildə, Üzeyir bəy Ha­cıbəylinin anadan olmasının 110 illik yubileyi günlərində “Üzeyir Musiqi Gü­nü”nün təsis edilməsi haqqında xüsusi fərman imzalamışdır. Fərmanda deyilir: “Dahi Azərbaycan bəstəkarı, Azərbay­can milli operasının banisi, böyük mu­siqişünas-alim, publisist və pedaqoq Üzeyir Hacıbəyovun Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətləri­ni nəzərə alaraq, böyük sənətkara xalq ehtiramını və məhəbbətini təcəssüm et­dirmək məqsədilə qərara alıram:

1. Hər il sentyabr ayının 18-də Üzeyir Musiqi Günü keçirilsin; 2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə tapşırılsın ki, hər il sentyabr ayının 18-də Üzeyir Musiqi Gününün keçirilməsini təmin etsin”.

Bir neçə kəlmə də Qarabağın er­məni işğalı altında olduğu 30 il ərzində Şuşada eksponatları talan edilmiş, bi­nası isə dağıdılmış Üzeyir Hacıbəylinin ev-muzeyi barədə danışmaq istərdim. Şuşa işğaldan azad edildikdən sonra digər mədəniyyət abidələr kimi, həmin muzeydə də Heydər Əliyev Fondu tərə­findən əsaslı təmir işlərinə başlanıb. 2021-ci il sentyabrın 18-də uzun illərdən sonra ilk dəfə Üzeyir Musiqi Günü çərçivə­sində Şuşada görkəmli bəstəkara həsr olunmuş növbəti Beynəlxalq Musiqi Festivalının konserti gerçəkləşib. Bəstə­kar övladının ölməz musiqiləri üçün çox darıxmış azad Şuşada Azərbaycan pro­fessional musiqisinin banisinin əsərləri yenidən səsləndirilib. Şuşanın dağla­rından Üzeyir musiqisinin sədaları hər tərəfə yayılıb. 

İnanırıq ki, ulu öndərin hər zaman yüksək dəyər verdiyi milli musiqi irsimizə böyük qədirbilənlik, Üzeyir Hacıbəyli sənətinə sonsuz məhəbbət sayəsində dahi bəstəkarın ecazkar musiqisi daim eşidiləcək və dinləyicilərə zövq verəcək. 

Səadət QARABAĞLI,

üzeyirbəyşünas



Mədəniyyət