Hər bir insan öz həyat hekayəsinin qəhrəmanıdır. Rolunu, obrazını şəxşən özü təyin edərək... Ruhunun rəngini özü çizərək... Bəli, ruhunun rəngini! Rəngi hər kəsmi görür?! Təbii ki, xeyr! Tanrının lütfü həm də öz həyat xəttini seçənlərin bir alın yazısıdır. İstedad, əzm, yaratmaq, yol açmaq, məqsəd qurmaq... Bunlar, əlbət ki, Tanrı lütfüdür. İnsanın ö lütfü görüb qəbul etmək xüsusiyyəti isə bəsirət gözünün açıq olmasıdır.
Rəngdən əbəs yerə söhbət açmadım. Ruhun rəngindən isə xüsusən... Çünki həmsöhbətim mahiyyət etibarilə öncə rəngdən, sonra isə həyat mahiyyətindən ibarətdir. Həm də elə bir həyatdan ki...
Tanıyaq:
Nigar Helmi Abbasbəyli Azərbaycan Rəssamlar İttifaqının üzvü, UNESCO nəzdnində Beynəlxalq Profesional Rəssamlar Ittifaqının üzvü (IAA/AIAP), "Miras" qrupunun yaradıcısı və kreativ direktorudur.
Bakı şəhərində anadan olub. 1992-ci ildə Mədəniyyət və Incəsənət kollecini, 1998-ci ildə Xəzər Universitetinin Beynəlxalq jurnalistika və inglis dili filologiyası və tərcuməçiliyi fakültəsini, 2007-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
3 övlad anası olan Nigar xanım Mirzə Nəsrulla Əmirbəyovun nəticəsidir. Bu barədə bir qədər sonra...
Rəssamlıq karyerasına 2012-ci ildən başlamışdır. 2021-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Nigar Helminin son silsilə əsərləri Qarabağ mövzusuna həsr olunub. "Gövhər Ağa məscidi", "Bülbül evinin xarabalıqları", "Pənahəli xan sarayının xarabalıqları" və "Varəzgün məbədi" kimi məşhur əsərlərindən bəziləri Assosiasiya des Artistes Contemporains de Turquie à Paris və "ART EXPO NEW YORK" tərəfindən təşkil olunmuş "Art3f Monaco Beynəlxalq Müasir İncəsənət Sərgisi" kimi bir sıra incəsənət nümayiş və sərgilərinin diqqətini çəkib.
Nigar Helmi öz sənətkarlığını yaradıcı təşəbbüskarlığı ilə birləşdirmək üçün çoxdankı arzusunu həyata keçirərək orijinal "Miras" brendini yaratmışdır.
Sərgiləri Azərbaycanımızı tanıtmaq naminə dünyanın ən mötəbər səhnələrində əcnəbi yaradıcı insanların diqqətini çəkmişdir.
2021 / 29 June — 05 July — Solo exhibition "The Heritage of Motherland", Baku, Azerbaijan;
2021 / 27–29 August — Salon International d’art Contemporain Art3f Monaco;
2021 / 22–24 October — Carrousel du Louvre Paris;
2022 / 9–22 May — Solo exhibition "Karabakh Heritage " Atatürk Cultural Center, Istanbul ;
New York Art Expo — 29/03-3/04-2023 ;
GSO Ankara - Qarabağ Mirası — 19-20/04-2023 və s.
Beləliklə, Nigar xanım Helminin ruhuna söz gəzişməsi edək.
- Nigar xanım, xoş gördük sizi.
- Xoş gününüz olsun. Gözəl, zərif dəvətiniz üçün təşəkkür edirəm.
- Nigar xanım, öncə onu qeyd edim ki, biz Azərbaycan xalqı olaraq öz milli koloritimizlə fərqlənən, bununla yanaşı məhz bu keyfiyyəti hər kəsə yansıtmağa çalışan insanlarıq. Hər bir şeyin ən yaxşısı olmağa, eyni zamanda qarşı tərəfdən də məhz bu qiyməti almağa və bizim üçün ən dəyərli mükafat, yəni onların alqışını almağa çalışırıq. Məhz siz də bu qəbildən olan insanlardansınız. Dünya çapında bir sıra mötəbər səhnələrdə öz yaradıcılığınızla, öz xüsusi motiv kəsb edən sərgilərinizlə Azərbaycan imzasını yüksəkliklərə qaldırmısınız. Və Azərbaycan dedikdə artıq mədəniyyət, incəsənət, qəhrəmanlıq, mübarizlik, şücaət kimi xüsusiyyətlər əxz olunur. Məhz əcnəbi vətəndaşlar da bizdən məhz bu enerjini alırlar. Nigar xanım, bu xüsusiyyətlər əbəs yerə yaranmır. Biz Xəzər kimi dilbər guşəmiz olan o nazlı gözəldən alırıq bu enerjini. İlham pərimizdir...
- Təşəkkür edirəm. Bəli, öncə onu qeyd edim ki, siz Xəzərdən başladınız. Xəzər hər bir azərbaycanlı üçün nədirsə, mənim üçün də odur. Ruhumdur, vətənimin bir parçasıdır. Ruhumun qidalandığı yerdir, ilham qaynağımdır. Mənim evimdə studiyam elə yerləşir ki, bir divarı tamamilə şəffafdır və tamamilə dənizi bütöv görərək, ona baxaraq bəzən səhərə qədər işləyirəm, kətan üzərində yağlı rəsmlərimi ərsəyə gətirirəm. Və onu da qeyd edim ki, Qarabağla bağlı yaratdığım əsərlərin ilk şahidi məhz Xəzər dənizidir. Mən səhərə qədər “Bayatı-Şiraz” muğamını dinləyərək, “Qarabağın mirası” sərgisini çox qısa müddətdə hazırlayıb ərsəyə gətirdim.
Bilirsiniz ki, insanlarda başqa bir xüsusiyyət var. Bəzən eşidir, amma dinləyə bilmirlər. Dəniz isə səni həm eşidir, həm də dinləyir. Ona görə Xəzərin mahiyyəti mənim üçün özəldir, ruhumun qidalandığı yerdir.
- Dəniz dalğaların içərisində gizlidir, dəniz səssiz deyil, dəniz səssizliyi ilə, dalğalarının dili ilə bizə çox söz deyir. O, hər zaman hərəkətdədir. Dənizçini fırtınalar peşəkar edir. Məhz bu fırtınalar bizi cilalayır, istədiyimiz insan halına gətirir, özümüzü tanımağa rəvac verir. Nigar xanım, bəs siz bu fırtınaların fövqündə özünüzü qalibiyyətin hansı mərhələsində hiss edirsiniz?
- Gözəl və dərin sualdır. Şəxsən mən hələ özümü bir insan olaraq qalib hesab etmirəm. Çünki bu yolun hələ tam başlanğıcındayam. Və səmimi etiraf edim ki, tamamilə qalib olmaq istəmirəm. Hesab edirəm ki, tamamən qalibiyyət üzərimdə işləməyin, maariflənməyimin dayanmasıdır. Amma mən yaşadıqca daha çox maariflənmək, daha çox öz üzərimdə işləmək, daha çox ruhumun qidalanmasını istəyirəm. Məhz buna görədir ki, hər zaman dayanmadan öz üzərimdə işləyirəm və yolun hələ bayaq qeyd etdiyim kimi, çox əvvəlindəyəm. İnşallah bir gün siz dediyiniz o zirvəyə yəqin ki, gələrəm.
- Bəli, yeri gəlmişkən, belə bir ifadə var, deyirlər ki, uğur çatdığın yer, məkan deyil, ona doğru getdiyin yoldur. Nigar xanım, elə ondan başlayaq. Siz “Miras” brendinin təsisçisi, yaradıcı direktorusunuz. Və bu, bildiyim qədərilə əbəs yerə yaranmayıb. Məhz burada yaratmış olduğunuz zinət əşyalarının hər birinin xüsusi, özəl motivləri vardır.
- Öncə ondan başlayım ki, sual yarana bilər ki, bir rəssamın birdən-birə zinət əşyaları ilə məşğul olmasına səbəb nədir. Bunun kiçik bir tarixçəsi var. Mənim bacım 15 ildən çoxdur ki, vətəndən uzaqda, xaricdə yaşayır. İkinci Qarabağ müharibəsi zamanında bir gün mənə zəng etdi ki, orada hədiyyə axtarırmış. Və çox məşhur bir marka mağazasına daxil olub və bu dükanda bir qab görüb. Görüb ki, qabın üzərindəkilər Təbriz motivləridir. Maraqlanıb almaq istəyəndə məlumat üçün deyiblər ki, bu qab üzdəniraq qonşularımıza məxsusdur. Bacım bunu böyük ürək yanğısı ilə danışanda hər ikimiz pis olduq. Lakin mən özüm özümə bir qərar verdim. Təkcə pis olmaq azdır. Bu yöndə işlər görmək lazımdır. Və çox qısa müddətdə həmən “Miras” adlı bu markanı yaratmaq və onu bütün dünya ictimaiyyətinə təqdim etmək qərarına gəldim.
Deməli, bu markanın və bu məhsulların özəllikləri nədir? Öncə onu qeyd edim ki, bilirik ki, Şuşa bizim tarixi mədəniyyət mərkəzimizdir, incimizdir. Hətta Ulu Öndərimizin belə bir ifadəsi var ki, Şuşa kimdədir, Qarabağ da ondadır. Elə bu səbəbdəndir ki, hazırladığım kolleksiyanın bir nümunəsində, sırğada Xarı bülübül və onun aşağısında sallanan zəncirlər var. Zəncirlər bizim Şuşanın alınmasında xüsusi təyinatlılarımızın Cıdır düzünə qalxması, o zamanlar inanılmaz hava şərtlərinə baxmayaraq, şücaət göstərərək Şuşanı bizə qaytaran cəsur oğullarımıza həsr olunub. Beləliklə, bu zəncirlər o qəhrəman oğullarımızı, bu qaşlar isə onların ayağının altındakı sıldırım qayaları əks etdirir.
- Sizin bu kolleksiyanıza nəzər yetirəndə Xarı bülbül ilə güllənin interpritasiyasını görmək çox maraqlı gəldi. Artıq bunun izahını mən özümdə əxz etdim. Dünyanın heç bir yerində yetişməyən Xarı bülbülə biz böyük mübarizə ilə, məhz bu güllələrlə qovuşduq. Məhz bu motiv və tandem gördüm ki, digər nüminələrdə də öz əksini tapıb. Güllə və gül... Çox təsirlidir. Və bu, bir qadın üzərində daşınacaq qiymətli bir zinət əşyası kimi əsgər yetişdirən bir Azərbaycan qadınına, bir Azərbaycan anasına yaraşar.
- Fəxriyyə xanım, bir zinət əşyasında mən lalələrə də xüsusi yer ayırmışam. Niyə məhz lalələr?.. Cünki tariximizdə belə bir qeyd var ki, o zamanlar Sultan Süleyman Qanuni bütün elçilərinə lalə soğanları verir və tapşırır ki, getdiyiniz bütün torpaqlarda bizim mədəniyyətimizi təmsil edin və yayın. Ona görə də məhz lalələr motivi Türkiyə Cumhiriyyətinin bir mədəniyyət rəmzi olaraq qeyd olunur. Mən də hazırladığım boyunbağını qardaş Türkiyənin bizi dəstəkləməsinin bariz nümunəsi və dostluq rəmzi olaraq təqdim etmişəm.
- Nigar xanım, zəncirləri də fərqli yansıtmısınız. Və yəqin ki, bunun da xüsusi mənası vardır.
- Bəli, bəzi zinət əşyalarında istifadə olunan zəncir elementi bizim bir xalq olaraq 30 illik ağrı-acımızdır. Amma nəhayət ki, biz bu zəncirlərdən qurtulduq. Kolleksiyanın məhz “Miras” adlanması birbaşa Qarabağ tarixini dünyaya tanıtmaq və bunun satışdan çox mənəvi dəyərini qiymətləndirməkdir. Bütün bunların dünya standartlarına uyğun hazırlanması həm bir Azərbaycan brendinin də o sıralarda olmasına xidmət edir.
- Çox maraqlı və gözəl ideyadır. Və düşünürəm ki, hətta təklif edirəm ki, bizim bəy əfəndilər öz xanımlarına məhz bu motivdə olan zinət əşyalarını hədiyyə etsinlər. Bu, çox böyük mənəvi dəyərdir.
- Mən “Qarabaq” kolleksiyasından da geniş danışmaq istəyirəm. Bu kolleksiyada Şuşada dahi bəstəkarımız Üzeyir Hacıbəylinin dağıdılmış ev muzeyinin təsviri, X.Natəvanın ev muzeyinin dağıntıları və s. Yer alıb. Bu kolleksiyanı dünyada gəzdirməyin bir mesajı var. Bu yaxınlarda Türkiyənin Ankara şəhərində Cumhur Başkanlığında keçirilən sərgi Azərbaycan və Türkiyə Mədəniyyət nazirlirləri, Türkiyə Cumhuriyyəti cumhur başkanı, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attarın xüsusi dəstəyi ilə baş tutdu. O cümlədən, TADİF (Türkiyə Azərbaycan Dayanışma İş birliyi Vakfı) neçə illər öncə Ulu Öndər Heydər Əliyev və İhsan Doğramacı tərəfindən yaradılan, bu gün də uğurla fəaliyyətini davam etdirən bu qurumun dəvəti ilə təşkil olunmuş sərgi öz mahyyəti ilə yadda qaldı. Orda 20 əsər nümayiş olundu. Məndən bu əsərlərin dünyanı gəzməsinin səbəbini soruşanda, bunun çox sadə bir səbəbi olduğunu deyirəm. Mən bir rəssam olaraq Vətənimə yalnız öz əməlimlə belə xidmət edə bilərəm...Niyə? Çünki bilirsiniz ki, bizim 926 kitabxanamız, 4 milyona yaxın kitabımız, 22 muzeyimiz, 4 teatrımız, 85 musiqi məktəbimiz məhv edilib. Bu, bir millətin başqa bir millətin mirasını məqsədyönlü şəkildə silməsidir. Bu, nəinki bir Azərbaycana qarşı, həm də bütöv insanlığa qarşı böyük bir barbarlıqdır. Və biz buna susmamalıyıq. Məhz bu səbəbdəndir ki, bu sərgi ilə dünyanı gəzirəm. Və inanın ki, keçən il Türkiyə Atatürk Mərkəzində, İstanbulda 2 həftə boyunca “Qarabağın mirası” sərgiləndi.
Açılışdan başqa özüm də orda hər gün olurdum. Və orda xaricilərə deyəndə ki, 67 məscidimizdən 65-i dağıdılıb, inanın ki, mən onların ağladığını görürdüm. Bilirsiniz ki, mədəniyyətə qarşı Avropa insanı çox həssasdır. II Dünya müharibəsi zamanı Renesans dövrünün əsərləri dağıdılmasın deyə onu İtaliyada göz bəbəyi kimi qoruyurdular. Niyə? Çünki onlar çox yaxşı anlayırdılar ki, Ulu Öndər demiş, bir xalqı yaşadan onun dili və mədəniyyətidir.
- Bəli, haqlısınız, Nigar xanım, burda mənim diqqətimi həm də sizin “Miras” kolleksiyanızın qablaşmasının məhz ipəkdən hazırlanması, üzərində ürəyi xallı göyərçinin olması çəkdi. Bu, dünyaya mədəni bir mesajdır.
- Bəli, göyərçin bir barışıq rəmzidir. Azərbaycan xalqı da hər zaman sülh və barışıq istəyir. Ölkə prezidentimiz, Ali Baş Komandan İlham Əliyev də hər zaman bütün dünyaya biz sülh və barış istəyirik, deyir. Göyərçinin ürəyinin xalı isə biz bunu sırf ürəyimlə edirik, anlamına gəlir.
- Çox özünəməxsus, kreativ, maraqlı və dolğun yanaşmalarınız var.
- Təşəkkür edirəm. Bu yaxınlarda Amerikada New York Art Expoda yenə də Qarabağ rəsmlərini götürdüm. Bəzən mənə deyirlər ki, niyə siz sərgilərə təsvir, gül çiçək kimi əsərlərinizi aparmırsınız. Kim anlayacaq o dağıdılmış məscidləri? Onlara cavab verirəm: mənim üçün ən önəmlisi odur ki, qoy Azərbaycan tarixinə, mədəniyyətinə qarşı törədilmiş barbarlığı göstərim, əcnəbilər özləri görüb anlasınlar.
- Bəli, əlbəttə, əgər biz gül ilə gülləni bir yerdə təsvir etmək zərurəti görürüksə, demək ki, xalq olaraq keşməkeşliklər yaşayırıq. Bu detal əslində çox şeyi ehtiva edir. Nigar xanım, sizin “Qadın rayihəsi” sərginizin də özünəməxsusluğu var.
- Bəli, Şərq coğrafiyasında məhz Azərbaycanda ilk dəfə qadına səsvermə hüququ verilib. Mən də bu millətin qızıyam. Və sözsüz ki, Azərbaycan qadınının zərifliyini, gücünü, dahiliyini fırça ilə kətan üzərinə köçürmək istədim. Və bunu özəl olaraq sırf Qadınlar gününə hazırladım. Amma qeyd edim ki, mənim üçün “Qarabağ” kolleksiyası xüsusi önəm daşıyır. Nə zaman bizim böyüklərimiz, aidiyyəti qurumlar uyğun bilsələr, mən onu Qarabağda, istər Şuşaya, istərsə də Qarabağın başqa şəhərinə tamamən təmənnasız hədiyyə edərəm. Ona görə də bu nümunələr satılmır.
- Nigar xanım, mən sizi müşahidə edirəm. İstər tərzininz, istər mövqeyiniz mənə bir daha sübut edir ki, bütün bunlar əbəs yerə deyil. Çünki siz məhşur tarixi şəxsiyyət Mirzə Nəsurulla bəy Əmirbəyovun nəslinin davamçısısınız. Hələ o zamanlar Bektaşilər və yeniçərlər Naxçıvana gələndə məhz sizin babanız onları qarşılayıb, öz mülkündə yerləşdirib. Eyni zamanda, həmin mülk qızlar üçün məktəbin istifadəsinə verilib. Naxçıvanda ilk karvansaralar da məhz sizin babanız Mirzə Nəsrulla bəy Əmirbəyova aiddir. İstərdim ki, Xəzərin qoynunda Mirzə Nəsrulla bəy Əmirbəyov ruhunu yad edək.
- Qeyd etmək istərdim ki, Ankara sərgisi zamanı sərgidə iştirak edən Azərbaycandan getmiş filologiya üzrə fəlsəfə doktoru, araşdırmaçı-publisist, əziz dostumuz Şərəf Cəlilli mənim kökümü soruşanda Mirzə Nəsrulla Əmirbəyov imzası eşidən kimi həmən belə bir ifadə işlətdi: ”Sənin ulu babanın xəncərindən, sonrakı Mirzə Nəsrullanın qələmindən və sənin fırçandan süzülüb gələn Azərbaycan tarixi, mədəniyyəti yaşamalıdır”. Və mən bu sözlərdən çox duyğulandım. Bəli, məhz Mirzə Nəsrullah Əmirbəyov Naxçıvan Milli Şurasınn Müdafiə Komitəsinin sədri olub. Və fəaliyyəti dövründə istər Azərbaycan tarixinə, istər mədəniyyətinə, istərsə də təhsilinə inanılmaz töhfələr verib, xüsusi, müstəsna xidmətləri olub. Orada Puşkin küçəsində öz vəsaiti ilə Qızlar Məktəbini tikdirib.
Bilirsiniz ki, 1918-ci ildə “Daşnaksütyun” Naxçıvanda soyqırıma başlayıb. Mən bunu 90-cı illərdə nənəmin xatirələrindən eşitmişəm. Nənəm bütün bunları ağlayaraq danışırdı. O zaman törədilən vəhşilikləri ürəkyanğısı ilə deyirdi. Mirzə Nəsrulla özünün 8 nəfərlik nümayəndə heyətini Kazım Qara Bəkirə göndərir və deyir ki, bizə köməyə gəlin. O zamanlar Kazım Qara Bəkir Naxçıvana gələndə babam Mirzə Nəsrulla türk əsgərinə hörmət olaraq ayaqları altına 250 metrlik qırmızı xalı sərdirir və onları belə qarşılayır. Zəfərdən sonra da əsgər keçidi keçirilir, bu zaman öz evindən ipək xalçasını gətirərək tribunanın qarşısına sərir. Beləliklə, Kazım Qara Bəkirlə paradı qəbul edir. Ən çətin məqamlarda Naxçıvanski qardaşlarına etibar edir. Onun böyük mütəfəkkirlərimiz H.Cavid, C.Məmmədquluzadə və bir çoxları ilə böyük dostluğu olub. Maarifçilik yönündə onlara böyük köməkliklər göstərib. Belə...
Daha nə deyim? Mən də öz növbəmdə, onun ideyasının davamçısıyam. Əlbəttə ki, bununla da qürur duyuram. Azərbaycan mədəniyyətinin bir parçası olmaq mənim üçün şərəfdir. İndi tamamən həyatımı buna həsr etmişəm.
- Nigar xanım, artıq söhbətimizi yekunlaşdırırıq. Amma “ardı var..” deyirik. Bu söhbət əsnasında biz bu gün bir Nigar Helminin həyat fəlsəfəsi ilə tanış olduq. Onun bu gününü dinlədik. Lakin sizə kiçik bir zərf təqdim edəcəyəm. Bu zərfdə kiçik Nigarın, yəni keçmişdən bu günə bir mesajı, bir sualı var. Buyurun bu zərfi... Bu günki Nigar Helmi kiçik bir qızcığaz Nigar Helmiyə nə cavab verərdi, maraqlıdır. Deyim ki, sualı tam olaraq oxuyub bizə cavab deməyə də bilərsiniz.
Zərfdəki sualı oxuyur və kövrəlir.
- Burda ruhum indi nəyə titrəyir? Belə cavab verim sizə. Mənim ruhum hər zaman titrəyir... Ölkəmə bu Xəzər dənizinin bir damlası qədər xeyir verməyə calışmaq ən böyük arzum, amalımdır. Bu qədər..
- Nigar xanım, sizi tanımaq və tanıtmaq ölkəmiz adına görəcəyimiz xidmətlər içərisindədir. Sizə yazıb, çəkib, yaradıb qəlbimizi titrətməyi arzu edirik. Uğurlar.
Fəxriyyə Lilpar İsayeva
Tele-jurnalist