Türk dünyasının ortaq mədəni sərvətləri dünyaya böyük töhfədir

post-img

İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir 

Ən qədim və zəngin mədəniyyətə malik türk xalqlarının ortaq mədəni sərvətlərinin təbliği, öyrənilməsi, inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu günlər Bakıda ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində təşkil edilən İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı bu baxımdan xüsusən önəmlidir.  

Bir çox tədbirlərlə zəngin olan festivalın üçüncü günündə Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı ilə görüşümüzdə də festivalın bu baxımdan önəmi xüsusi vurğulandı. TÜRKSOY-dakı nümayəndəsi Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin doğum günündə – iyunun 5-də başlayan festivalda türk dünyasının hər bölgəsindən alimlərin gəldiyini qeyd etdi. bu tədbirin, ümumilikdə türk dünyasının şair, yazar, ədəbiyyatşünaslarının görüşüb fikir mübadiləsi aparması, ortaq məsələləri müzakirə etmələri üçün gözəl platforma olduğunu dedi. Qeyd etdi ki, budəfəki tədbir daha geniş miqyasda keçirilir. Festivala gələnlər ötən 3 gün ərzində yeni nəşrlərlə tanış olub və hər saatda keçirilən təqdimatlara qatılıblar. 

“Festivalın üçüncü günündə “Türkmənistan günü” çərçivəsində böyük türkmən şairi Məhtimqulu Fəraqinin təqdimatı keçirildi. M.Fəraqinin qiymətli irsinin öyrənilməsi, tədqiqi və nəşri ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin inkişafında böyük əhəmiyyət daşıyır. Gələn il dünya ədəbiyyatının görkəmli söz ustasının 300 illiyi qeyd olunacaq. TÜRKSOY olaraq gələn ili “Məhtimqulu ili” elan etmişik. Gələn il Türk dünyası mədəniyyət paytaxtı Türkmənistanın Anev şəhəri olacaq. 

Şuşa şəhəri 2023-cü il üçün TÜRKSOY Daimi Şurasının qərarı ilə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu il TÜRKSOY-un bir çox tədbirləri Şuşada keçirilir və bu, ilboyu davam edəcək. İyulun sonları, və ya avqustun əvvəlində “Vaqif poeziya günləri” çərçivəsində TÜRKSOY-un “şairlər buluşmasını” keçirəcəyik. Şairlərlə yanaşı, rəssamları da tədbirə dəvət etmək istəyirik. Məqsəd Şuşanın əsrarəngiz təbiətini rəsm əsərləri ilə yaddaşa köçürməkdir. Daha sonra onu kataloq şəklində çap edib dünyaya yayacağıq”.    

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Bəhruz Niftəliyevin moderatorluğu ilə “Şairlik və alimlik” paneli keçirildi. Panellə bağlı fikirlərini bölüşən B.Niftəliyev dedi: “Şairlər söz uğrunda həyatlarını girov qoyaraq, dilə gətirə bilmədiyimiz hiss həyəcanlarımız, duyğu və düşüncələrimizdən poetik lövhələr yaradırlar. Sözdən ilmə vuran, naxışlar toxuyan şairlərimiz tək şer yazmırlar, onlar həm də, söz yaradırlar. Görkəmli şairlərin həyatına nəzər saldıqda bu kəşflərin, sözün böyük hikmətinin şahidi oluruq. İyunun 5-i ölkəmizdə "Şairlər günü" kimi qeyd edilir və ənənəvi olaraq hər il keçirilir. “Bir yaxın dost kimi qapımı döyərlər. Küləklər, küləklər, bəstəkar küləklər”, – deyən Mikayıl Müşviqi necə alim adlandırmayaq. Bu bir kəşfdir, küləyə olan münasibət, onun səsinə olan böyük sevgi, duyğudur. Düşünürəm ki, filosof olmadan şair olmaq olmaz, yəni şairlər həm alim, həm də filosofdurlar. Şairliyi, alimliyi özündə birləşdirən şairlərimiz var. Sənəti ilə bütövləşən çağdaş poeziyamızın görkəmli nümayəndələrindən biri Nəriman Həsənzadə demişdir: “Mənim də həyatım sözdü, şeirdi, Bir isti nəfəsəm, bir səsəm belə”. 

Nəsir Əhmədli bu gün alim kimi tanınsa da, onun çox dərin mənalı, gözəl şeirləri var. 

Böyük məna yükünü özündə daşıyan “Dünənin həqiqəti bu gün tərs yozum oldu, Niyə də yozulmasın, axı, dünya fırlanır” misralarının müəllifi Bəxtiyar Vahabzadənin şeir külliyyatı ilə yanaşı, Səməd Vurğunla bağlı araşdırmaları, tədqiqatları var.   

Naxçıvandan tədbirə qatılmış 5 kitab müəllifi gənc şairə Sabrina Mədətovanın imza günü də çox maraqla keçdi. Festivalda çoxlu şair, yazıçılar, mədəniyyət və incəsənət nümayəndələri ilə görüşdüyünü deyən Sabrina məmnunluğunu bildirdi: “Burada həyatımın ən xoşbəxt anlarını yaşayıram. Belə nüfuzlu tədbirdə iştirak etmək mənim üçün böyük motivasiyadır. İlk dəfə 7-ci sinifdə oxuyarkən “Mənim anam bir mələkdir” şeirlər kitabım çap olunub. Sonra şəhid Vüsal Vəliyevin xatirəsinə “Şəhid Vüsalın dastanı”, Xudayar Yusifzadəyə həsr etdiyim “Mahnın da, adın da dastana döndü”,  daha sonra “Mənim doğma Naxçıvanım” kitablarım işıq üzü görüb”. 

S.Mədətova onu da qeyd etdi ki, son kitabını ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edib. “Qurtuluş” adlanan kitab 2023-cü ildə çapdan çıxıb. 

Türkmənistan Elmlər Akademiyasının Məhtumquli adına dil, ədəbiyyat və milli əlyazmalar institutunun şöbə müdiri Raxmanverdi Qodarov festivalla bağlı təəssüratlarının heç zaman unudulmayacağını dedi: “Artıq neçə gündür ki, insanlar dəstə-dəstə gəlib sərgilərə tamaşa edir, təqdimatlarda, yubiley tədbirlərində, konsertlərdə iştirak edirlər. Azərbaycanda kitaba maraq bizdə də xoş təəssürat oyatdı. Elə özümüz də bir sıra maraqlı kitablar, eyni zamanda sərgilərdə nümayiş etdirilən əl işləri aldıq. 

Festivalın üçüncü günü Türkmənistana həsr olunub və tədbir çərçivəsində görkəmli şairimiz Məhtimquli Fəraqinin təqdimatı keçirildi. Onun yaradıcılığı ilə bağlı çoxlu maraqlı çıxışlar dinlədik. Şeirlərindən nümunələr səsləndirildi. 

Tədbirin bu qədər yüksək səviyyədə keçirilməsinə görə, təşkilatçılara minnətdarıq”. 

Türk dünyasının ortaq mədəni sərvətlərinin təbliğinə böyük töhfələr verən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı bir-birindən maraqlı tədbirlərlə davam edir. Festivalın üçüncü günündə, həmçinin Römiz Rövşənin imza günü keçirilib, “Qızıl yaşmaq” filmi nümayiş etdirirlib.  

Festival iyunun 11-dək davam edəcək. 

Leyla QURBANOVA,
“Xalq qəzeti”











Mədəniyyət