Dünyanın ən bahalı ayağı 27 milyon dollara satıldı

post-img

Bu, sözün əsl mənasında incəsənət tarixinin ən bahalı ayağıdır. Mikelancelonun çəkdiyi çılpaq kişi ayağını təsvir edən miniatür rəsmi Nyu-Yorkda keçirilən auksionda 27,2 milyon dollara satılaraq mütləq rekord müəyyənləşdirib. Bu, Mikelancelonun indiyədək açıq hərracda satılan ən bahalı əsəridir.

Beşbarmaqlı “şedevr” (sözün birbaşa mənasında) cümə axşamı Christie’s hərrac evində satışa çıxarılıb və ekspertlərin gözləntilərini təxminən 20 dəfə üstələyib. 

Cəmi 12 santimetr ölçüsündə olan bu xırda rəsim qırmızı təbaşirlə çəkilib. Mütəxəssislərin fikrincə, təsvir edilən ayaq XVI əsrdə Romada Sikstin kapellasının freskaları üzərində işləyərkən Mikelanceloya poza verən bir kişiyə məxsusdur.

Hesablamalara görə, alıcı üçün hər bir barmaq təxminən 5,4 milyon dollara başa gəlib. Əsər tamamilə təsadüfən üzə çıxıb. Şimali Kaliforniyada yaşayan sahibi rəsmi 2002-ci ildə nənəsindən miras alıb. Onun sözlərinə görə, rəsm ailədə ən azı XVIII əsrin sonlarından bəri saxlanılırmış.

Keçən ilin fevralında o, tapıntını Christie’s-in köhnə rəsmlər üzrə mütəxəssisi Ceyd Deymenə autentiklik yoxlanışı üçün təqdim edib. Deymen ilk baxışdan bunun qeyri-adi bir iş olduğunu anlayıb: “Düşündüm ki, bu rəsm çox inandırıcı görünür. Ondan XVI əsr ruhu gəlirdi,” - deyə o, New York Times qəzetinə müsahibəsində bildirib.“Hərçənd etiraf edim ki, mənə tez-tez ‘Mikelancelolar’ və ‘Leonardolar’ gətirirlər.”

Rəsm imzasız olduğu üçün ekspert şəxsən Kaliforniyaya uçaraq sahibini işi Nyu-Yorka, tam elmi ekspertizaya göndərməyə razı salıb. Aparılan araşdırmalar - kağızın yaşı, təbaşir texnikası və anatomik üslub analizi əsərin Mikelanceloya məxsus olduğunu təsdiqləyib. Nəticədə rəsim Christie’s zalında anonim alıcıya satılıb.

Ümumiyyətlə, Mikelancelonun rəsmləri son dərəcə nadirdir. O, özünü əsasən heykəltəraş və freska ustası hesab edir, bir çox eskizlərini isə məhv edirdi. Buna görə də onun qrafik işləri bazarda olduqca azdır. Anatomiya Mikelancelonun əsas gücü idi. O, insan bədənini öyrənmək üçün gizli şəkildə meyitlər üzərində disseksiya (tibbdə və biologiyada toxumaların, orqanların və ya damarların təbəqələrə ayrılması, parçalanması və ya kəsilməsi prosesidir-red.) aparmışdı. Ayağın bu qədər realistik təsviri də onun anatomiya biliyinin göstəricisidir.

Bundan başqa, qırmızı təbaşir (sanguine) Renessans dövründə ustalar tərəfindən əsasən hazırlıq eskizləri üçün istifadə olunurdu. Bu cür eskizlər sonradan böyük freskaların və heykəllərin əsasını təşkil edirdi. Sikstin kapellasına aid eskizlər xüsusilə qiymətlidir, çünki həmin layihə Mikelancelonun yaradıcılığının zirvəsi sayılır.

İndiyə qədər Mikelancelonun hərracda satılan ən bahalı işi bundan xeyli ucuz idi; yeni satış köhnə rekordu bir neçə dəfə üstələyib və köhnə ustalar bazarında böyük rezonans doğurub.

S.ELAY

XQ

Maraqlı