Turistləri "Titanik"in qəzaya uğradığı yerə aparan sualtı qayıq Atlantik okeanında itib.
Xilasetmə əməliyyatı başlayıb. Bostondakı ABŞ Sahil Mühafizəsi BBC-yə xilasedicilərin sualtı qayığı tapmağa çalışdığını təsdiqləyib.
Atlantik okeanında qəzaya uğrayan Titanik yaxınlığında itkin düşən sualtı qayığın göyərtəsində 5 nəfər olub. Bu barədə “The Guardian” qəzeti Amerikanın Boston sahil mühafizəsinə istinadən yazır.
Nəşrin məlumatına görə, 3,8 min metr dərinlikdə olan qalıqlara turistlərin çatdırılması “OceanGate Expedition” şirkəti tərəfindən həyata keçirilir. Onun internet saytında yeddi günlük 250 000 dollarlıq səyahət reklamı verilir. Şirkət sonuncu dəfə iyunun 16-da davam edən ekspedisiya haqqında tvit yazıb.
“OceanGate Expedition” şirkətinin nümayəndələri bildiriblər ki, sualtı qayıq beş nəfəri yerləşdirməyə qadirdir, bura adətən pilot, üç turist və “bələdçi” daxildir.
"Titanik" Atlantik okeanında 3,8 min metr dərinlikdə, Kanadanın Nyufaundlend sahillərinin yaxınlığında yerləşir.
Batan gəmi 1985-ci ildə aşkar edilib və o vaxtdan bəri alimlər tərəfindən fəal şəkildə tədqiq olunur.
S.ELAY,
"Xalq qəzeti"