Azərbaycan Prezidentinin BƏƏ səfəri dünya mediasında

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri və bu səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirdiyi görüş, həmçinin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın dövlətimizin başçısına təqdimolunma mərasimi dünyanın bir sıra ölkələrinin aparıcı media qurumlarının diqqət mərkəzində olub.

Misir, Küveyt, Səudiyyə Ərəbistanı, Mərakeş və Livan mətbuatında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Əbu-Dabidə keçirdiyi görüş keçmişdə mövcud olan gərginliyin tamamilə aradan qaldırılması və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində davam edən səylərin göstəricisi kimi qiymətləndirilib. Misirin “Youm7”, Səudiyyə Ərəbistanının “SA24”, Küveytin “Q8-Press” və Livanın “Athabat” nəşrlərinin məlumatına görə, görüşdə ikitərəfli ticarətin başlaması, eləcə də Azərbaycandan Ermənistana neft məhsullarının ixracı müsbət addım kimi qiymətləndirilib. Bildirilir ki, bu proseslər artıq tərəflər arasında sülhün praktik faydalarının hiss olunmasına imkan yaradır.

Mərakeşdə fəaliyyət göstərən “A5r5br” və ərəbdilli “Mvlana” portalı isə görüşün Cənubi Qafqazda regional sabitliyin möhkəmləndirilməsi və uzun illər davam edən gərginliyin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin tərkib hissəsi olduğunu qeyd edib. Ərəb mediası vurğulayır ki, Əbu-Dabidə baş tutan təmaslar Azərbaycan–Ermənistan dialoqunun davam etdirilməsinə və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinə xidmət edir.

İspaniyanın “Aciprensa” xəbər portalı yazır ki, mükafatın təqdimolunma mərasimi Azərbaycanla Ermənistan arasında dialoqun davam etdirilməsinə və sülh səylərinin tanınmasına stimul verib.

İsveçrənin “Swissinfo” və Paraqvayın “ABC” saytı xəbər verir ki, tərəflər ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsini, enerji ixracı və Azərbaycan ərazisindən tranzit imkanlarının artırılmasını müsbət addım kimi qiymətləndiriblər. Liderlər, həmçinin TRIPP dəhlizi və digər nəqliyyat layihələrinin reallaşdırılmasının normallaşma prosesini dəstəklədiyini vurğulayıblar.

Rusiyanın bir sıra nəşrləri də Prezident İlham Əliyevin BƏƏ səfəri və Ermənistanın Baş naziri ilə keçirilən görüş barədə xəbərlər yayımlayıb. “Tass.ru”, “Trtrussian.com”, “kommersant.ru”, “kp.ru”, “ng.ru”, “rbc.ru”, “interfax.ru”, “lenta.ru”, “news.ru” xəbər portallarında dərc edilən xəbərlərdə ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən bəhs edilib. Xəbərlərdə, həmçinin tərəflərin ikitərəfli ticarəti və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağa davam etmək barədə razılığa gəldikləri vurğulanır.

Prezident İlham Əliyevin BƏƏ-yə səfəri və Ermənistanın Baş naziri ilə keçirdiyi görüş Türkiyənin aparıcı media qurumları, o cümlədən “hurriyet.com.tr”, “akittv.com.tr”, “ensonhaber.com”, “haberturk.com”, “cnnturk.com” xəbər portallarında da geniş işıqlandırılıb.

 

Son xəbərlər