Müasir dövrün tələblərinə uyğun olaraq Vəkillər Kollegiyası tərəfindən rəqəmsallaşma istiqamətində mühüm addımlar atılıb. Artıq bir neçə ildir tətbiq olunan hüquqi yardım haqqında müqavilənin elektron bağlanması (elektron müqavilə) və elektron vəkil orderi hüquq xidmətlərində yeni bir səhifə açır. Bu sistem vasitəsilə şəxslər dünyanın istənilən nöqtəsindən vəkil bürolarına getmədən onlayn qaydada vəkillərlə hüquqi yardım haqqında müqavilə bağlaya bilirlər. Statistik göstəricilər bu layihələrin effektivliyini açıq şəkildə sübut edir. Belə ki, 2025-ci il dekabrın 12-dək 55 min 576 elektron order və 73 min 34 elektron müqavilə rəsmiləşdirilib.
XQ
Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 Dekabr - Vəkil Günü peşə bayramı münasibətilə Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni qəbul olunan vəkillərin təntənəli andiçmə mərasimində çıxış edərkən deyib.
A.Bağırov qeyd edib ki, rəqəmsallaşma istiqamətində işlər bununla yekunlaşmır, növbəti mərhələ elektron vəkil sorğusu layihəsidir: "Layihə ilə bağlı Femida Dialoq Platforması çərçivəsində Ali Məhkəmədə görüş keçirilərkən müzakirələr aparılıb. Hazırda normativ tənzimləmə istiqamətində işlər davam etdirilir və zəruri dəyişikliklərdən sonra sistem istifadəyə veriləcək".

