Şeyxülislam ÜKŞ baş katibini ədalətli olmağa çağırıb

post-img

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının Baş katibi Jerry Pilleyə məktub ünvanlayıb.

Müraciətində şeyxülislam Allahşükür Paşazadə Baş katib Jerry Pilleyi Azərbaycanda görmək istəyini ifadə edib.

QMİ sədri diqqətə çatdırıb ki, Azərbaycan dünyada dinlərarası dialoq və əməkdaşlıq məkanı olaraq tanınır. Dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi bu proseslərdə fəal iştirak edir, dünyanın bütün nüfuzlu dini mərkəzləri ilə əməkdaşlıq müstəvisində sıx əlaqələr saxlayır.

Məktubda qeyd olunur: “Bizi narahat edən məqam ondan ibarətdir ki, 1993-cü ildə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə töhfə verən və münaqişənin dini mahiyyət kəsb etmədiyini o vaxt təsdiq edən ÜKŞ-nin hazırda ermənipərəstliyi, xristian təəssübkeşliyi ilə verilən birtərəfli bəyanatları, sizin Baş katib olaraq erməni tərəfinin açıq-aydın təsiri altında verdiyiniz açıqlamalar Ümumdünya Kilsələr Şurasının sülhpərvər nüfuzuna və ədalətli mövqeyinə xələl gətirir, onun dinlərarası əməkdaşlıq müstəvisində fəaliyyətinə kölgə salır, dinlərarası dialoq işinə sağalmaz zərbə vurur”.

Şeyxülislam Allahşükür Paşazadə daha sonra bildirib: “Cari ilin mayın 27-28-də Berndə keçirilən konfrans zamanı sizin çıxışınızla bağlı bir daha nəzərinizə çatdırmalıyam ki, Azərbaycanın dünya birliyi tərəfindən tanınan 86,6 min kvadratkilomter ərazisində “Artsax” adlı inzibati vahid mövcud deyildir”.

Şeyxülislam sonda vurğulayıb ki, biz dini liderlərin müqəddəs vəzifəsi dünyanın daha əmin-aman olmasına, ədalətin bərqərarı işinə öz töhfələrimizi verməkdir. Bu məramla çağırış edirəm ki, erməni kilsəsinin kövrək sülh şəraitini pozan qızışdırıcı, revanşist həqiqətə uyğun olmayan təbliğatına və xristian təəssübkeşliyindən sui-istifadə cəhdlərinə ÜKŞ tərəfindən bundan sonra dəstək verilməsin.

XQ

Son xəbərlər