Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin II iclası çərçivəsində “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” mövzusunda toplantı keçirilib.
Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş türk dünyasının ortaq dəyərlərindən biri olan ailəni qorumağın və gələcək nəsillərə çatdırmağın vacibliyini qeyd edib. O vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 2025-ci ilin “Ailə ili” elan edilməsi, bu sahədə Türkiyənin qətiyyətini və baxışını əks etdirir. Nazir bildirib ki, türk dövlətləri ortaq tarix və mədəniyyət zəminində ailə mərkəzli siyasətlər ətrafında birləşərək bu sahədə əməkdaşlığı gücləndirir. Bu sahədə əməkdaşlığın inkişafında Azərbaycan xüsusi rol oynayır. Görüş, bütövlükdə, Türk Dövlətləri Təşkilatı üçün də faydalı olacaq.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qardaş Turkiyənin ailə və demoqrafik tərəqqini hədəfləyən addımlarını və bu sahədəki qətiyyətli mövqeyini alqışlayıb. Bildirib ki, ailə dəyərlərinin qorunması artıq təkcə mədəni məsələ deyil, həm də strateji əhəmiyyət daşıyır. Azərbaycan bu reallıqları nəzərə alaraq ailə siyasətini daim yeniləyir və onu zamanın tələblərinə uyğun şəkildə inkişaf etdirir. Bahar Muradova Türk Dövlətləri Təşkilatının ailə anlayışını gələcəyin əsas dayağı kimi qəbul etməsinin önəmini də vurğulayıb.
Şimali Kiprin Əmək və sosial müdafiə naziri Sadık Gardiyanoğlu, Türkmənistanın Əmək və sosial müdafiə nazirinin müavini Halbibi Tachjanova, Qazaxıstanın Gənclər və Ailə Məsələləri Komitəsinin sədri Kairat Kambarov və Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Ömər Kocaman müzakirə edilən mövzu ilə bağlı mülahizələrini söyləyiblər.
Toplantı işgüzar müzakirələrlə davam edib. Məclisdə Türk dünyasında ailənin önəmindən bəhs edən video-çarx nümayiş etdirilib.
Zərifə HÜSEYNOVA
XQ