Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Türkiyənin tanınmış universitetlərinin, media orqanlarının və tədqiqat mərkəzlərinin 10-a yaxın nümayəndəsinin iştirakı ilə “Hazırkı geosiyasi reallıqlar fonunda Azərbaycan və Türkiyə münasibətlərindəki inkişaf meyilləri” mövzusunda dəyirmi masa keçirilib.
Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov Azərbaycanın dünyadakı iqtisadi və siyasi göstəricilərinə dair geniş təqdimatla çıxış edib.
Rektorun müşaviri, politoloq Zaur Məmmədovun moderatorluğu ilə keçən dəyirmi masada Milli Məclisin deputatları Hikmət Babaoğlu və Aydın Mirzəzadə, Hacəttəpə Universitetindən Esma Özdaşlı, Türkiyə Siyasi və Strateji Araşdırmalar Vəqfinin sədri Sinan Demirtürk, Hacəttəpə Universiteti Strateji Araşdırmalar Mərkəzinin müdir müavini Özlem Pınar Oran, Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzinin sədri professor Mehmet Seyfettin Erol, Türkiyə İqtisadi Siyasətləri Araşdırma Vəqfi Orta Şərq və Orta Asya İnstitutunun direktoru Hilmi Demir, Dövlət İdarəçilik Akademiyasının dekanı Mürtəza Həsənov, tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova və digərləri çıxış edərək müzakirənin aktuallığını vurğulayıblar.
Məclisdə Azərbaycan və Türkiyəni narahat edən çağırışlar geniş şəkildə təhlil edilib. Dəyirmi masada 2020-ci ildən sonra formalaşan yeni geosiyasi şəraitdə bölgə ətrafındakı vəziyyətdə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyi qeyd olunub, ikitərəfli münasibətlərə xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə çatmayacağı vurğulanıb.
XQ