SABAH Qrupunun tələbələri ilə Fərhad Pərvizinin "Biz kimik: Qloballaşma və milli dəyərlər" mövzusunda görüşü keçirilib

post-img

Bakı Dövlət Universitetində BDU SABAH Mərkəzinin təşkilatçılığı ilə tanınmış iqtisadçı ekspert, Baker Tilly Azərbaycan şirkətinin Maliyyə və Biznes Məsləhət Xidmətləri üzrə direktoru Fərhad Pərvizi ilə “Biz Kimik: Qloballaşma və milli dəyərlər” mövzusunda görüş keçirilib. 

BDU Sabah Mərkəzinin rəhbəri Səbinə Ömərova, qonağı auditoriyaya təqdim edərək bildirib ki, Fərhad Pərvizi  maliyyə və biznes məsləhətləri sahəsində 26 illik peşəkar təcrübəyə malikdir O, Arizona Dövlət Universitetində Təchizat Zəncirinin İdarə Edilməsi üzrə Magistr, həmçinin Dövlət Neft Akademiyası və ABŞ-ın Corciya Dövlət Universitetində MBA dərəcələrinə malikdir. Fərhad Pərvizinin “İqtisadi özünümüdafiə dərsləri” kitabı ABŞ Konqres Kitabxanasında “azərbaycanlı iqtisadçının yeganə kitabı” olaraq qeyd olunur. 

Görüşdə qloballaşmanın cəmiyyətə müsbət və mənfi təsirləri, müasir sosial və mədəni dəyişikliklər, həmçinin fərdiyyətçilik və kollektiv dəyərlər, milli kimlik arasında balans məsələləri geniş müzakirə olunub. Fərhad Pərvizi çıxışında qloballaşmanın müsbət və mənfi tərəfləri ilə yanaşı, müasir cəmiyyətin qarşısında duran əsas problemlərdən biri kimi fərqindəlik məsələsinə də toxunulub. O, qloballaşmanın sürətlə inkişaf etdiyi dövrdə fərdlərin öz kimliklərini tapmaqda çətinlik çəkdiyini, dünyanın hər yerində eyni dəyərlərin tətbiq edilməsinin insanların milli və mədəni fərqliliklərini unutmalarına səbəb olduğunu bildirib. Bu zaman, cəmiyyətin fərdi və kollektiv dəyərləri arasında ciddi gərginliklər yarandığını vurğulayıb.

O, Avropada ailə institutunun tənəzzülünü və ənənəvi dəyərlərin zəifləməsini, bəzi Qərb ölkələrində ailənin sosial rolunun dəyişməsini və fərdi azadlıqların kollektiv dəyərlər üzərində üstünlük təşkil etməsini qeyd edib. Bu yanaşmanın uzunmüddətli sosial nəticələrinin, o cümlədən ailə strukturlarının zəifləməsi və cəmiyyətin parçalanmasına səbəb olduğunu bildirib.

Davranış iqtisadiyyatı mövzusuna da toxunan Fərhad Pərvizi, insanların seçimlərini necə formalaşdırdığını və qlobal bazarlarda müxtəlif manipulyasiya metodlarının necə işlədiyini diqqətə çatdırıb. Davranış iqtisadiyyatının bu mənada həm cəmiyyətin sosial davranışlarını anlamağa, həm də fərdlərin öz seçimlərini daha sağlam şəkildə dəyərləndirmələrinə imkan yaratdığını qeyd edib.

İqtisadçı ekspert müasir özünü reallaşdırma anlayışının əhəmiyyətini də qeyd edib. O, insanların öz potensiallarını və daxili istedadlarını kəşf etməkdə daha sərbəst olduqları bir dövr yaşadığını, lakin bunun bəzən fərdin kimlik böhranına səbəb ola biləcəyini ifadə edib. O, eyni zamanda, insanların qlobal düşüncə ilə yanaşı, milli kimlik və mənəvi dəyərlərə bağlı qalaraq özlərini daha sağlam şəkildə reallaşdırmalarının lazım olduğunu vurğulayıb.

Məruzəçi müasir feminizm və onun cəmiyyətdəki rolu ilə bağlı da fikirlərini bildirib. Müasir feminist hərəkatları qadınların hüquqlarını müdafiə etməyi məqsəd qoyarkən, bəzən ailə institutunun dəyərlərini və ənənəvi gender rollarını tənqid etdiyini, bunun isə cəmiyyətin sabitliyinə zərər verə biləcəyini qeyd edib. 

Görüşün sonunda tədbir iştirakçıları, SABAH qrupunun tələbələri və müəllimləri müasir dövrdə cəmiyyətin qarşılaşdığı sosial və iqtisadi çağırışlarla bağlı bir sıra suallar verərək, öz fikirlərini bölüşüblər. Fərhad Pərviz, gəncləri daha çox fərqindəlik yaratmağa, özlərini və dəyərlərini tanımağa və milli kimliklərini qoruyaraq özünü reallaşdırmağa çağırıb.















Son xəbərlər