Milli Məclisin Sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri çərçivəsində mayın 6-da bu ölkənin Federal Milli Şurasının sədri Saqr Qobaş ilə görüşüb.
Görüşdə Saqr Qobaş bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə töhfə verəcəyinə inamını ifadə edib. O, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verdiyini qeyd edərək, xüsusilə iqtisadi əməkdaşlıq sahəsində əldə olunan nəticələrdən razılığını ifadə edib.
Bu səfərin onun Milli Məclisin Sədri kimi Birləşmiş Ərəb Əmirliklərinə ilk səfəri olduğunu deyən Sahibə Qafarova qeyd edib ki, ölkələrimizi tarixi, dini və mədəni köklər birləşdirir və ikitərəfli əlaqələrimiz qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək mühitində inkişaf edib. Görüşdə münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində ölkələrimizin liderlərinin birgə səylərinin, həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri barədə də fikirlər ifadə olunub. Milli Məclisin Sədri Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi barədə məlumat verib. O, BƏƏ parlamentinin təmsilçilərinin Parlament Şəbəkəsinin tədbirlərində iştirakından məmnunluğunu bildirib.
Görüşdə qanunverici orqanlarımız arasında da iki ölkə münasibətlərinin ruhuna uyğun uğurlu əlaqələrin qurulduğu qeyd olunaraq vurğulanıb ki, həm qarşılıqlı əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq bu sahədə müsbət nəticələrin əldə olunmasını şərtləndirib.
***
Milli Məclisin Sədri Sahibə Qafarovanın Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri davam edir. Səfər çərçivəsində mayın 6-da bu ölkənin Federal Milli Şurasında keçirilən görüşdən sonra tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Respublikası Milli Məclisi ilə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında Anlaşma Memorandumunu iki ölkənin spikerləri – Sahibə Qafarova və Saqr Qobaş imzalayıblar.
Qeyd olunub ki, bu sənəd tərəflər arasında birgə işi – koordinasiya və parlament təcrübəsi mübadiləsini daha da artırmağa imkan verəcək, əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.
***
Həmin gün Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Əbu-Dabidə Şeyx Zayed məscid kompleksini ziyarət edib.
Burada qonaqlara məlumat verilib ki, ölkənin ən böyük məscidi olan bu məscid Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Əl Nəhyanın təşəbbüsü ilə inşa edilib. Cümə və bayram namazlarında buraya gələnlərin sayı 40 min nəfərə çatır.
Məscidlə tanışlıqdan sonra Sahibə Qafarova məscidin xatirə kitabına ürək sözlərini yazıb.
XQ